Ukrayna və Rusiya arasında müharibə ehtimalı dünya gündəminin ən mühüm məsələlərindən biri kimi qalmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Qərb dövlətləri iki ölkə arasındakı gərginliklə bağlı sakitliyə çağırışlar etsələr də, rəsmi Moskva Ukraynanın da dilə gətirdiyi işğal planına getdikcə yaxınlaşır.
Belarus da bu çərçivədə Rusiya ilə qış təlimləri keçirməyə qərar verib.
Kosmik texnologiya şirkəti “Maxar” Yelsk, Reçitsa və Luninets yaxınlığındakı hərbi aktivliyə dair peyk görüntüləri əldə edib.
Ukrayna sərhəddinə yaxın bölgədə keçiriləcək təlimi Kiyev də yaxından izləyir. Bu üç məntəqə Ukrayna sərhədindən təxminən 50 kilometr aralıda yerləşir.
Təlim üçün Rusiya Silahlı Qüvvələri bölgəyə “S-400” və “Pantsir-S” hava hücumundan müdafiə sistemləri, “Su-35” döyüş təyyarələri və canlı qüvvə göndərib.
Təlimdə “iki ölkənin cənub sərhədlərinə hücumun dəf edilməsi” ssenarisini məşq edəcəyi bildirilib.
Fevralın 10-dan 20-dək keçirilməsi planlaşdırılan təlimdə raketlər, çoxsaylı reaktiv yaylım atəşi sistemləri və hücum təyyarələri ilə təchiz edilmiş hərbi birliklər Ukrayna sərhədinin yaxınlığında yerləşdiriləcək.
Rusiya və Belarus hərbi rəsmilərindən görüntülərlə bağlı hələlik açıqlama verilməyib.