7 Fevral 2022 14:47
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya və müttəfiqləri Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə bütün lazımi addımları atmağa hazırdır.

Teleqraf.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

Kansler Ukrayna ətrafında böhranın kəskinləşməsi halında Rusiya Federasiyasını çox sərt sanksiyalarla hədələyib.

“Biz müttəfiqlərimizlə birlikdə bütün lazımi addımları atmağa hazırıq. Bizim ABŞ hökuməti ilə qaz tranziti və Avropanın enerji suverenliyi ilə bağlı aydın razılaşmamız var. Biz artıq Ukraynanı dəstəkləyəcəyimiz, qaz tranziti üçün intensiv mübarizə aparacağımız barədə razılığa gəlmişik. Ukrayna, o cümlədən bu qaz tranziti təhlükə altında olarsa, biz çox qətiyyətli olacağıq. Bu, tamamilə aydındır ki, belə bir vəziyyətdə bütün variantlar nəzərdən keçirilir. Heç bir təfərrüata varmayacağam, amma bizim cavabımız vahid və qətiyyətli olacaq”, - deyə alman kansler “Şimal axını 2” barədə danışıb.

Olaf Şolz əlavə edib ki, onlar NATO və Avropa İttifaqındakı müttəfiqlərlə bu xüsusi vəziyyətdə nə edə biləcəklərini aydınlaşdırmaq üçün işləyirlər:

“Biz strateji qeyri-müəyyənliyə ehtiyac olduğunu da açıq şəkildə bildiririk. Ukraynaya müdaxilənin qiyməti çox baha olacaq. Ona görə də onlar bunu edə bilməyəcəklər. Kompüterin qarşısına keçin və bunun çox baha olub-olmadığını hesablayın. Rusiyanın hərbi müdaxiləsinin qarşılığı çox yüksək qiymətə sahib olacaq. Digər tərəfdən, biz hazırda mövcud olan bütün danışıqlar kanallarından istifadə etmək üçün çox çalışırıq. ABŞ və Rusiya Federasiyası, Rusiya-NATO Şurası, ATƏT və təbii ki, Normandiya formatı çərçivəsində danışıqlar gedir".

Məlumat üçün deyək ki, bu gündən kansler Şolzun ABŞ-a səfəri başlayıb. Şolz bu gün ABŞ prezidenti Co Baydenlə Ukrayna mövzusunu müzakirə edəcək.


Müəllif: Nemət