Bu gün İrəvanda 44 günlük müharibəni araşdırmaq üçün erməni parlamentinin İstintaq Komissiyasının ilk iclası keçirilib.
Teleqraf.com xatırladır ki, sözügedən komissiya 44 günlük II Qarabağ müharibəsini araşdırmaq üçün yaradılıb.
“Mənim şərəfim” müxalifət blokundan olan deputat Tiqran Abramyan bildirib ki, müxalifət komissiyanın işində iştirak etməyəcək. Onun sözlərinə görə, hazırkı hakimiyyət faktiki olaraq özü də etiraf edib ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə tam məsuliyyət daşıyır.
“Və belə bir şəraitdə, hətta indiki hökumət nümayəndələrinin rəhbərlik etdiyi komissiyanın işinin həyata keçirilməsi obyektiv ola bilməz. 44 günlük müharibənin şərtlərinin üzə çıxarılması bizim prioritetlərimizdən biri olaraq qalır. Lakin biz hesab edirik ki, onun işinə yalnız hökumət istefa verdikdən sonra başlamaq lazımdır”, - deyə Abramyan izah edib.
“Ermənistan”müxalifət fraksiyasının deputatı Qeqam Nazaryan da komissiyanın işində iştirak etməyəcəklərini bildirib. Fraksiyanın digər deputatı Qeqam Manukyan qeyd edib ki, obyektiv araşdırma yalnız bu müharibənin başlanmasında günahkar olan hakim siyasi qüvvəyə deyil, müxalifətə həvalə edildikdə mümkündür.
Bu sözlərdən sonra müxalifət ayağa qalxaraq müzakirənin aparıldığı otağı tərk edib.
Bu cür davranış hakim “Mülki Müqavilə” partiyasını təmsil edən komissiya üzvlərini qəzəbləndirib.