Ukraynanın İsraildən hərbi yardım istədiyi, eyni zamanda, vasitəçilik təklif etdiyi rəsmi Təl-Əvivin isə buna isti baxmadığı iddia edilib.
Teleqraf.com xəbər verir ki, İsrailin Xarici işlər naziri Yair Lapid Ukrayna xarici işlər nazirinin müavini Əminə Cabbarova ilə görüşündən sonra Kiyevin ölkəsindən hərbi yardım istədiyini və bunun müzakirə olunacağını söyləyib.
Lapid Ukraynadakı İsrail vətəndaşlarının evakuasiyası üçün çox qısa vaxtlarının olduğunu deyib.
Cabbarova isə İsrail mətbuatına açıqlamasında bildirib ki, dost ölkələrindən gələn səyahət xəbərdarlıqları xalqda panika yaradır, tinvestorların Ukraynanı tərk etməsinə və büdcə problemlərinə yol açır.
Cabbarova İsraildən Rusiya və Ukrayna arasındakı böhranda daha çox iştirak etməsini və gərginliyin sakitləşdirilməsində vasitəçi olmasını istəyib. O, Lapidi Ukrayna Xarici işlər naziri Dmitri Kuleba ilə görüşə dəvət edib.
Lapid isə İsrailin Rusiya-Ukrayna münaqişəsində tərəf olmadığını, buna görə də ehtiyatla hərəkət etdiyini bildirib.