17 Fevral 2022 11:45
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna-Rusiya böhranı davam edir. Rusiyanın Ukrayna sərhədlərindən, ələlxüsus Krımdan ordu birliklərini geri çəkməsi haqda açıqlama verməsini nə rəsmi Kiyev, nə də Qərb dünyasını təsdiq edib. Əksinə, Qərb kəşfiyyat qurumları və rəsmilər bu addımların taktiki gedişlər olduğunu, əslində isə Ukrayna ilə sərhəddə hazır duran rus hərbi birləşmələrinin gücləndirildiyini bildirir. Beləcə Rusiya lideri Putinin Ukraynanı işğal etmək niyyətində olduğu elan edilir.

Bəs Prezident Putini Ukraynaya müdaxilə niyyətindən kimlər daşındıra bilər?

Teleqraf.com Putinə təsir etmək imkanında olan şəxslərin siyahısını təqdim edir:

Xarici işlər naziri Sergey Lavrov. İlk baxışdan sadə və mehriban təəssürat yaradır. Usta diplomat olmaqla yanaşı, mükəmməl yaddaş gücünə malikdir. Adətən, sənədləri əzbərdən bilir, döyüşlərə qarşıdır, dialoq və danışıqların tərəfdarı sayılır. O, Qərbin “Rusiya Ukraynaya hər an müdaxilə edə bilər” şərhlərini ironik qarşılayır və bunu “isteriya” kimi qələmə verir. Putinə təsir etmək imkanları genişdir.

Müdafiə naziri Sergey Şoyqu. Üstəlik Prezident Putinin dostu. O, sahədə Putinin “qeyri-müəyyənlik diplomatiyası”nı uğurla həyata keçirməklə yanaşı Qərbdə “ümumi etibarsızlıq” hissini uğurla yaradır. Yay tətilini əksər vaxtlar Putinlə birlikdə keçirən Sergey Şoyqu hazırda Rusiya ordusunun doqquzda birini Ukrayna sərhədinə yığıb. O, Belarusdakı təlimlərlə qorxudur. Qara dənizdəki Rusiya donanması da təzyiqi artırır. “Dəniz qüvvələrinin təlimləri Atlantik, Sakit okean və Aralıq dənizində davam edəcək. Rusiya prezidentinə xüsusi təsir imkanlarına malikdir və ehtimal olunur ki, hökumətdə onun sözünün ağırlığı hiss edilir.

Prezident köməkçisi Dmitri Kozak. Berlində keçirilən Normand formatı müzakirələrində Putini təmsil edib. 9 saatdan çox çəkən müzakirələrdə bəlkə də missiyası hər şeyi əngəlləməklə situasiyanın gərginləşməsinə zəmin hazırlamaq idi. Kozak Berlin müzakirələri zamanı “mümkün deyil, olmayacaq” ifadələri ilə əslində müzakirələri kilidləmiş fiqurdur. Ehtimal olunur ki, Putinin fikrini dəyişmək imkanlarına malikdir.

Sabiq baş naziri Dmitri Medvedev və indiki baş nazir Mixail Mişustin isə keçmiş fiqurların, habelə ölkədəki güc mərkəzlərinin təmsilçiləri sayılır. Rusiya Krımı ilhaq etdikdən sonra bu şəxslər təsirlərini durmadan artırıblar. İlk təəssüratda liberal xəttin tərəfdarları kimi görünürlər. Prezident Putinə təsirləri istisna edilmir.

Xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narişkin. Putinin keçmiş dostu və keçmiş casus. “Görünməz adam” hesab olunan Narişkin Putini Ukraynaya girməməsi üçün dilə tuta biləcək fiqurdur.

Amma ehtimal olunur ki, Narişkin müharibəyə nifrət etmir. Məsələn, onun “Ukraynadakı durum 2008-ci il hadisələrindəki əvvəlki Gürcüstana bənzəyir” açıqlaması təsadüfi deyil.

Ehtimal edilir ki, məhz bu şəxslər Putini Ukraynaya müdaxilədən çəkindirə bilərlər. Halbuki onların hamısı eyni fikirdə deyillər. Bu şəxslər arasında müharibəni arzulayanlar da, ona qarşı olanlar da var.


Müəllif: Nemət

Oxşar xəbərlər