ABŞ rəsmiləri Rusiyanın Ukrayna sərhədindən qoşunlarının bir hissəsini geri çəkməsi ilə bağlı açıqlamasının doğru olmadığını və Moskvanın sərhədə əlavə 7 minlik qüvvə göndərdiyini iddia ediblər.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, adları açıqlanmayan ABŞ rəsmiləri onlayn konfrans vasitəsilə Ukrayna məsələsini müzakirə ediblər və Moskvanın “geri çəkilirik” açıqlamasının doğru olmadığını bildiriblər.
ABŞ-ın yüksək vəzifəli rəsmisi Rusiyanın Ukrayna sərhədindəki qüvvələrinin müəyyən hissəsini geri çəkməsi iddiasının doğru olmadığını, əksinə, Moskvanın son vaxtlar sərhəddə əlavə 7 minlik qüvvə yerləşdirdiyini iddia edib.
Rusiya Prezidenti Vladimir Putinin diplomatiyaya açıq olduğu ilə bağlı açıqlamalarının əksinə olaraq, amerikalı rəsmi onun müharibəyə hazırlaşdığını deyib.
ABŞ Dövlət katibi Entoni Blinken bundan əvvəl Rusiyanın sərhəddəki qoşunlarını geri çəkdiyinə dair iddiaları təsdiqləyən faktların olmadığını açıqlayıb. ABŞ Prezidenti Co Bayden isə ötən gün etdiyi çıxışında 150 minə yaxın rus hərbçisinin Ukrayna sərhədində gözlədiyini bildirib.