“Rusiyanın dövlət kanalının efirindən fasiləsiz olaraq, bütöv bir xalıqın (Ukraynanın – red.) ən ağır ifadələrlə təhqir olunmasının izahı yoxdur”.
Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.
Ekspert rus telekanallarında Ukrayna və onun xalqı əleyhinə aparılan təbliğata diqqət çəkib:
“Təsadüfən Vladimir Solovyovun Rusiyanın dövlət kanalında yayımlanan tok-şousunu izlədim. Eyni “propoqan simalar” və təbii ki, Marqarita Simonyan ordaydı.
Hər kəlmədə Ukrayna xalqı təhqir olunur, aşağılanır, “dünyanın ən miskin”, “ən qorxaq” və “ən etibarsız toplum”u kimi təqdim olunurdu. Simonyan və Solovyov ağız-ağıza verib İosif Brodskinin hələ kimsəyə bəlli olmayan səbəblərdən qələmə aldığı və təəssüf ki, Brodskiyə məxsusluğu sübuta yetirilən şeirini səsləndirirdilər. Daha doğrusu, Marqarita səsləndirirdi, Vladimir isə əyri-üyrü üz cizgiləri ilə ritm tuturdu.
Brodski ilə işim yoxdur. Onun hansı siyasi səbəblərdən Nobel mükafatı aldığını anlamaq üçün böyük intellekt sahibi olmaq lazım deyil.
Amma Rusiyanın dövlət kanalının efirindən fasiləsiz olaraq, bütöv bir xalıqın ən ağır ifadələrlə təhqir olunmasının izahı yoxdur. Bu, təəssüf ki, nəhəng filosofların, ədəbiyyat adamlarının sağalda bilmədiyi kobud, tərbiyəsiz, mənəviyyatsız “velikorus” xəstəliyinin ənənəvi simptomlarıdır. Bütün bunlardan sonra, “Sovet İttifaqı”ndan, yaxud hansısa mücərrəd birgəyaşayış modelindən danışmaq ən aşağı statuslu köləlik təklifindən başqa bir şey deyil. Xəstə “velikorus” ultramillətçi təfəkkürü, sadəcə Ukraynanın ərazisinə sahiblənmək istəmir, Ukrayna xalqını hər addımda əzmək, aşağılamaq, yerlə bir etmək arzusu ilə alışıb yanır.
Bütün bunlardan sonra, Rusiya ilə mücərrəd və perspektiv inteqerasiya modellərindən söz açanların arqumentlərini təkrar-təkrar dinləmək və hər kəlmənin sonunda hamının görə biləcəyi Rusiyanı nişan vermək istəyirəm.
Çox da uzağa getməyin, Rusiyanın telekanallarında yayımlanan tok-şoulara tamaşa edin, hibrid informasiya savaşının ən iyrənc mexanizmlərinin tətbiq olunduğu media resurslarını izləyin və nəticə çıxarın”.