26 Fevral 2022 14:34
1 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı Prezident Vladimir Putin və Xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat Avropa Şurasının saytında dərc olunub.

“Bu gün Aİ Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Aİ Şurası, həmçinin Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi əsassız hərbi təcavüzə cavab olaraq Belarusla bağlı fərdi və iqtisadi tədbirlər paketini də razılaşdırıb”, - bəyanatda deyilib.

Sənədə əsasən, Prezident Putin və hökuməti müstəqil suveren qonşu ölkəyə qarşı müharibəyə başlayıb. Rusiya rəhbərliyinin davranışı beynəlxalq sülh və təhlükəsizliyə ən böyük təhlükədir.

“Bu gün buna ən güclü sanksiya tədbirləri ilə cavab veririk. Avropa İttifaqı beynəlxalq tərəfdaşları və müttəfiqləri ilə birlikdə sülhü, beynəlxalq hüququ və qanunlara əsaslanan sistemi qorumaq əzmində həmrəydir”, - bəyanatda deyilib.

Rusiya prezidentinin və xarici işlər nazirinin aktivlərinin dondurulması ilə yanaşı, Aİ Donbasdakı qondarma Donetsk və Luqansk respublikalarının tanınmasını dəstəkləyən Rusiya Təhlükəsizlik Şurasının üzvlərinə qarşı sanksiya tətbiq edir. Bu, həmin qərarı ratifikasiya etmiş Rusiya Dövlət Dumasının üzvlərinə də şamil ediləcək. Bundan əlavə, Aİ Rusiyanın hərbi təcavüzünə töhfə verən şəxslərə də sanksiya tətbiq edib.

Qəbul edilən paket Rusiyanın əsas kapital bazarlarına çıxışını kəsən mövcud maliyyə məhdudiyyətlərinin uzadılmasını ehtiva edir. Bu, həmçinin Aİ ticarət mərtəbələrində Rusiyanın dövlət qurumlarının səhmlərinin qeydiyyatını və xidmətlərin göstərilməsini qadağan edir.

Bu sanksiyalar Rusiyanın bank sektorunun 70%-nə, o cümlədən müdafiə sektoruna şamil olunur. Eyni zamanda, Aİ neft emalı sahəsində xüsusi məhsul və texnologiyaların Rusiyaya satışını, tədarükünü, ötürülməsini və ya ixracını qadağan edəcək. 2019-cu ildə Rusiyanın bu sahədə ixracının dəyəri 24 milyard avro təşkil edib.

Aİ aviasiya və kosmik sənayedə mal və texnologiyaları əhatə edən ixraca qadağa, habelə bu mal və texnologiyalarla bağlı mövcud xidmətlərin sığortası və təkrar sığortasına qadağa qoyub. Aİ müvafiq texniki və maliyyə yardımının göstərilməsini də qadağan edir.

Aİ ikili təyinatlı mal və texnologiyaların ixracına əlavə sanksiyalar, habelə Rusiyanın müdafiə və təhlükəsizlik sektorlarında texnoloji inkişafına töhfə verə biləcək bəzi mal və texnologiyaların ixracına məhdudiyyətlər qoyur. Buraya yarımkeçiricilər və ya ən müasir texnologiya kimi məhsullar daxil olacaq.

Diplomatlar və digər Rusiya rəsmiləri, eləcə də biznes nümayəndələri artıq Aİ-nin (ərazisinə) viza imkanlarından faydalana bilməyəcəklər.

Hazırda ümumilikdə 654 nəfərə və 52 quruma qarşı sanksiyalar tətbiq edilir ki, bura aktivlərinin dondurulması, sanksiya siyahısına daxil edilmiş şəxslərə və qurumlara hər hansı vəsaitin verilməsinə qadağa daxildir. Bundan əlavə, bu siyahıya daxil olanların səyahətləri qadağandır ki, bu da onların Aİ-yə daxil olmasına və ya keçməsinə imkan vermir.

Beləliklə, Avropa İttifaqı Rusiyanın hərbi sənaye kompleksində fəaliyyət göstərən 60 aparıcı şirkətə qarşı sanksiya tətbiq edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər