“Putin özü də bilmədən ölkəsini böyük bir bəlanın tam ortasına atdı”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
O, Rusiya liderinin atdığı addımların ölkəsini və dünyanı xaosa sürüklədiyini söyləyib:
“Kreml sahibinin ən təhlükəli tərəfi odur ki, söylədiyi absurd fikirlərə, mənasız tarixi ekskurslara, öz dediklərinə, dediklərinin həqiqət olduğuna inanır. Bu, dünya üçün böyük təhdid yaradır. Siyasətçilər manevr üçün müəyyən tezisləri müdafiə edəndə onlardan vaz keçmələri daha asan olur, inanıb hərəkət edəndə isə fəlakətlər yaşanır.
Kreml sahibinin son tezisləri, çağırışları, addımları Rusiyanın gələcəyini sual altına alır. O, açıq şəkildə başqa ölkədə hərbi çevrilişə çağırır, xunta qurulmasını istəyir, etnik yahudi birini “faşist” olmaqla suçlayır, Ukraynada çevrilişlə hakimiyyətə “nasistlərin” gəldiyini söyləyir və buna inanır - faciədir.
Sən 2014-cü ildə Ukraynada “çevriliş” olduğunu söyləyib absurd tezislərini onun üzərinə inşa edirsənsə, istinad nöqtən budursa, anla ki, 2014-cü ildən sonra Ukraynada 4 böyük seçki olub, Ukrayna xalqı 2 prezident, 2 parlament seçkilərində səs veriblər. Prezident, parlamentin tərkibi 80%, hökumətin tərkibi bir neçə dəfə dəyişib. Bəs buna nə deyirsən?
Kreml sahibinin “məntiqi” ilə 1917-ci ildən bəri Rusiyanın bütün hakimiyyətləri qeyri-legitimdir, axı çevrilişlə başlayıblar, “Maydan”la hakimiyyətə gəliblər, silahlı üsyan edib hüquqi hakimiyyəti deviriblər. Bəs onda bunlar necə olsun?”
Natiq Cəfərli Putinin Donbasdakı separatı respublikaları tanımasının Rusiyanı uçuruma aparacağını bildirib:
“Qondarma DXR və LXR-i tanımaqla Kreml özü üçün quyu qazdığının fərqində deyilmi? Əgər belə davranış məqbuldursa, tanıyıb qoşun yeritmək olarsa, bir müddət sonra Rusiya və Belarus ərazilərində “yeni respublikalar” yaranarsa, Qərb də onları tanıyıb, müqavilə bağlayıb qoşun yeridərsə, nə olacaq? Əgər suveren dövlətin ərazisində yaşayanlara pasport paylamaqla müdaxiləyə “legitimlik” yaradırsa, sabah Kalininqradda Almaniya pasportu paylayıb müdaxiləyə əsas yaranmayacaqmı?
Kompleksli Putin özü də bilmədən ölkəsini böyük bir bəlanın tam ortasına atdı, atır. Amma ən böyük təhlükə odur ki, onun, “mənsiz (“Rusiyasız” deyib, amma onun üçün Rusiya elə özüdür) dünya nəyə lazımdır” tezisi son anda istənilən dəhşətə imza atmasına səbəb ola bilər, dünyanı xaosa sürükləyər.
Ümid edirəm ki, hələ də Rusiyada, Kremlin "qüllələrində", əsas da hərbi elitada ağlı başında olub məsuliyyəti hiss edənlər var və onlar faciələri önləyə biləcək”.