27 Fevral 2022 16:24
2 106
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vladimir Putin üç slavyan xalqını düşmən etməklə kifayətlənməyib çeçenləri də ukraynalılarla düşmən etmək fikirinə düşüb”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Rusiyanın Ukraynadakı işğal cəhdlərinə diqqət çəkib:

“Ukraynanın işğala qarşı müqaviməti genişləndikcə, Rusiya ordusu azğınlaşacaq, mülki əhali arasında itkilər artacaq. İndinin özündə də işğalçılar hara gəldi atəş açırlar, ölənlər arasında soydaşlarımız da var.

Türkiyənin köşə yazarlarından biri Putinin hazırki halını doğru xarakterizə edib: “Putin əvvəllər siyasi gedişlərində şahmat oynayırdı, addımlarını ölçüb-biçərdi, indi isə zər atmağa başlayıb, “sonunu düşünən qəhrəman olmaz” deyib məhəllə uşağı kimi nəticəsini hesablamadığı oyuna girişib”.

Vladimir Putin üç slavyan xalqını düşmən etməklə kifayətlənməyib çeçenləri də ukraynalılarla düşmən etmək fikirinə düşüb. Putinin Çeçenistandakı canişini Ramzan Kadırov şəxsi batalyonunu Kreml sahibinin əmri ilə ukraynalıları öldürmək üçün işğala şərik edib. Putin bu yolla millətçi ukraynalılardan və çeçenlərdən intiqamını almış olur. 1990-cı illərin əvvəllərində millətçi ukraynalılar çeçen mücahidlərlə çiyin-çiyinə Rusiya ordusuna qarşı savaşırdılar. Putin bunu unutmadı və indi vaxtilə bir-birinə dəstək verən iki xalqı qəsdən üz-üzə qoyub”.

Bununla belə, Elxan Şahinoğlu hesab edir ki, Kreml sahibi qarşıya qoyduğu hədəfə çatmaya bilər:

“Putinin hesaba almadığı gedişat ola bilər. Ukrayna ordusuna qoşulmaq istəyən çeçenlər də var. Onların bir qismi Ukraynada, digərləri Avropada yaşayırlar. Çeçen mücahidlərinin mühacirətdəki lideri Əhməd Zakayev Zelenskiyə hərbi əməkdaşlıq haqqında saziş imzalamağı təklif edib. Zakayev Çeçenistanı məcburi tərk etmiş çeçen könüllülərin Rusiyaya qarşı vuruşa biləcəklərini bildirib. Yəni Ukraynada çeçenlər çeçenlərlə savaşacaq. Bu da ayrı dərdə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər