“Rusiya Ukrayna ətrafında hadisələrin hazırkı inkişafının qarşısını almağa çalışdı, amma Qərb bunu görməməyi seçdi, indi də öz məsuliyyətini unudur. Bununla belə, baş verənlərdə iştirakını inkar edə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Rusiyanın Ukraynaya hərbi təcavüzünə gəldikdə, Zaxarova bunu “məcburi” adlandırıb:
“Bütün bunlar Rusiyanın çoxdan gözlənilən addımı kimi təqdim olunur. Amma bu, məcburi vəziyyətdir. Bu, danışıqlar, kompromislər və dəqiqləşdirmələrin bütün imkanlarından istifadə edilərək yaxınlaşılan bir vəziyyətdir. Bunu başa düşmək lazımdır. Məcburi, tamamilə məcburi”.
Zaxarovanın sözlərinə görə, Rusiya bütün imkanlardan və bütün taktikalardan istifadə edərək, həftələr və aylar deyil, uzun illər bunun (müdaxilənin) qarşısını almağa çalışıb:
“İndi onlar (Qərb) doğrudanmı elə səviyyəyə enirlər ki, Ukraynanın dağılmasında öz şərikliklərinə görə məsuliyyət daşımasınlar”.
Zaxarova Qərbi Ukrayna və Rusiya arasında etnik çəkişmələri və nifrəti qızışdırmaqda ittiham edib.