İngiltərə Baş naziri Boris Conson Rusiyanın Ukrayna hücumlarına cavab vermək üçün Vladimir Putinə qarşı 6 bəndlik plan hazırladığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu planı NATO ölkələrinin müdafiəsinin sürətlə gücləndirilməsi üçün hazırladığını deyib.
Conson 6 bəndlik planın təfərrüatlarını da açıqlayıb.
Bu plana görə, dünya liderləri Ukraynada beynəlxalq humanitar koalisiya üçün hərəkətə keçməli, Ukrayna özünü müdafiə etmək üçün dəstəklənməli, Rusiyaya iqtisadi təzyiqlər artırılmalı, beynəlxalq ictimaiyyət Rusiyanın mərhələli normallaşma addımlarına müqavimət göstərməli, Ukrayna hökumətinin iştirakı ilə müharibəylə bağlı diplomatik qərarlar qəbul edilməli və nəhayət, NATO ölkələrinin təhlükəsizliyi və dayanıqlılığını gücləndirmək üçün sürətli addımlar atılmalıdır.
Conson bundan əvvəl Rusiyanı Ukraynada müharibə cinayətləri törətməkdə ittiham edib: “Putin rejiminin addımlarından görünən budur ki, onlar günahsız mülki insanlara qarşı silah istifadə edirlər, mənim fikrimcə, bu, tam olaraq müharibə cinayəti kimi təsnif edilir”.