17 Mart 2022 09:58
1 324
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Rusiyanın Ukraynaya hücum edəcəyindən əvvəlcədən məlumatlı olmayıb.

Teleqraf.com xəbər verir ki, bunu Çinin ABŞ-dakı səfiri Qin Ganq “Washington Post” qəzetində çıxan məqaləsində yazıb.

Bundan əvvəl bir sıra KİV-lər Çinin Rusiyanın Ukraynaya hücum planlarından xəbərdar olduğunu yazıb. ABŞ mediası qeyd edib ki, hələ fevralın əvvəlində Çinin yüksək çinli məmurları rus həmkarlarından Pekində keçirilən Qış Olimpiya Oyunları bitənə qədər Ukraynaya müdaxilə etməməyi xahiş ediblər. Həmçinin son iki gündə iddia edilib ki, Rusiya Çindən hərbi texnika və iqtisadi yardım göstərməklə onun Ukraynada tammiqyaslı işğalını dəstəkləməyi xahiş edib.

Səfir Qin Ganq isə məqaləsində bildirir ki, Çin heç vaxt Ukraynaya hücum etməyəcək, kömək edəcək: “Məsuliyyətlə deyim ki, Çinin bu müharibəni bildiyi, razılaşdığı və ya üstüörtülü şəkildə dəstəklədiyi barədə iddialar sırf dezinformasiyadır. Bütün bu bəyanatlar yalnız günahı Çinin üzərinə atmaq və qara yaxmaq məqsədinə xidmət edir”.

Səfir əlavə edib ki, işğal zamanı Ukraynada 6 mindən çox Çin vətəndaşı olub: “Bundan əlavə, Çin həm Rusiya, həm də Ukraynanın ən böyük ticarət tərəfdaşıdır və dünyanın ən böyük xam neft və təbii qaz idxalçısıdır. Rusiya ilə Ukrayna arasında münaqişə Çinin xeyrinə deyil. Çin yaxınlaşan böhranı bilsəydi, biz bunun qarşısını almaq üçün əlimizdən gələni edərdik. Çin hesab edir ki, bütün ölkələrin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”.

O qeyd edib ki, Çin Ukraynada sülhün tərəfdarıdır: “Bizim əsas məqsədimiz müharibəni dayandırmaq və regional və qlobal sabitliyi qorumaqdır”.

Xatırladaq ki, ötən gün ABŞ prezidentinin müşaviri Ceyk Sallivan Çinə xəbərdarlıq edərək bildirib ki, əgər Pekin Rusiyaya Ukraynaya qarşı müharibəyə görə sanksiyalardan yayınmağa kömək etsə, bunun ağır nəticələri olacaq.


Müəllif: Nemət