Rusiyanın Bosniya və Herseqovinadakı səfiri İqor Kalabuxovun bu ölkəni hədələməsinə rəsmi Sarayevodan sərt təpkilər gəlib.
Teleqraf.com xəbər verir ki, Bosniya və Herseqovina Prezident Şurasının üzvü Şəfiq Cəfəroviç Kalabuxovun çıxışında “Ukrayna ssenarisi”ni nümunə göstərməsini ölkəsinə ərazi bütövlüyünə hücum olduğunu deyib.
“Bosniya və Herseqovina konstitusiya və qanunlar çərçivəsində gələcəyi ilə bağlı öz qərarlarını verəcək, vətəndaşlarının tələb və mənafelərinə uyğun hərəkət edəcək suveren ölkədir. Biz başqalarının mənafeyinə görə hərəkət etmirik, Rusiyanın isə Bosniyanın gələcəyi ilə bağlı məsuliyyət daşımaq hüququ yoxdur”, - Cəfəroviç bildirib.
O, Bosniya və Herseqovinanın həm Avro-Atlantik marşrutu, həm də NATO üzvlüyü üçün müraciət prosesinin öz qurumlarının qərarı ilə olduğunu söyləyib: “Biz bunu demokratik prosedurlar və əsaslarla təqib edirik. Bu, belə də qalacaq. Bosniya və Herseqovina Rusiya səfirliyi tərəfindən idarə olunmur”.
Bosniya və Herseqovina Prezident Şurasının digər üzvü Zeljko Komşiç də Rusiya səfirinin açıqlamasını “qəbuledilməz” adlandırıb.
Komşiç Rusiyanın işğalını davam etdirdiyi Ukraynanı misal gətirən Kalabuxovun mesajının yalnız bir məna daşıdığını və bunun Bosniya və Herseqovina üçün qəbuledilməz olduğunu bildirib.
ABŞ-ın Bosniya və Herseqovinadakı səfirliyi də rusiyalı diplomatın açıqlamasına reaksiya verib:
“Kalabuxovun son təhdidləri məsuliyyətsiz və qəbuledilməzdir. Üçüncü tərəflər NATO ilə suveren ölkələr arasında razılaşmalara qərar verə bilməzlər. Biz Bosniya və Herseqovinaya Avro-Atlantik İttifaqına üzv olmaq üçün lazımi addımları atmaqda dəstəkləməyə davam edəcəyik”.
Bundan əvvəl İqor Kalabuxov bildirib ki, Bosniyanın NATO-ya üzv olmaq barədə qərar vermək hüququ olsa da, Moskvanın bu qərara öz maraqlarına uyğun reaksiya vermək hüququ var.
“Bosniya və Herseqovina hər hansı birliyə üzv olmaq qərarına gəlsə, bu, ölkənin daxili işidir. Amma Rusiyanın da reaksiyası olacaq”, - Kalabuxov deyib.
O, bu durumda hərəkətə keçəcəklərini bildirib: “Ukrayna ssenarisi gözləntilərimizin nə olduğunu göstərdi”.