20 Mart 2022 10:09
2 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya ordusunun kadırovçuları Ukraynada yüzlərlə hərbçisini itirərək martın 13-də Qroznıya qayıdıblar”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Radio Svoboda” Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əks-kəşfiyyatına istinadən məlumat yayıb.

Məlumatda qeyd edilib ki, martın 13-də Teleqram kanallarında Kiyevdən bir neçə kilometr aralıda olduğu deyilən bir zirzəmidə Çeçenistan lideri Ramzan Kadırovla bir neçə hərbçinin videogörüntüsü yayılıb.

SBU-nun əks-kəşfiyyatı bildirib ki, həmin gün Kadırov Ukraynada olmayıb - martın 13-ü Çeçenistan liderinin qruplaşmalarının Kiyev vilayətindən Belarusa, daha sonra isə Çeçenistana deportasiya edildiyi gün olub.

“Fevralın 26-da 450 kadırovçu Ukrayna ərazisinə daxil olmağa cəhd edib. Amma bu cəhd alınmayıb. Qastomela enməyə çalışan çeçen döyüşçülər ağır itki veriblər. Fevralın 26-dan fevralın 28-dək Kadırovun döyüşçülərinin ümumi itkiləri bir neçə yüz döyüşçü təşkil edib”, - mənbə bildirib.

Məlumata görə, martın 4-də Çeçenistan Milli Qvardiyasının təxminən 1200 nəfərlik bir dəstəsi Belarusdan Çernobıla keçib. Dəstəyə “Şimal” (komandiri Maqomed Tuşayev həlak olub), “Cənub” (Hüseyn Mejidov) hərbi batalyonları və “Axmat-Qroznı” (Anzor Bisayev) çevik polisi daxil olub.

Kadırovçular düşərgələrini Borodyanka yaxınlığındakı meşəlikdə qurublar. SBU-nun məlumatına görə, bir gecə düşərgədə baş verən partlayışda döyüşçülərin əksəriyyəti ölüb.

“O vaxtdan bəri onlar daha ehtiyatlı davranırlar, buna görə də bir neçə qrupa bölünüblər. Onlar birbaşa döyüşlərdə iştirak etməsələr də, Borodyanka, Babinsivi, Katyuzxanka və Lyutijada yerli sakinlər arasında qorxu yaratmağa çalışdılar. Bu məqsədlə də sosial şəbəkələr üçün müxtəlif videoçarxlar çəkirdilər”, - SBU-nun məlumatında deyilib.

Məlumata görə, Kadırovun dəstələri mühairbə başlayandan Ukraynaya daxil olsalar da, onların döyüşlərdə iştirakı heç vaxt görülməyib:

“Onlar yalnız piarla məşğul idilər. Yəni çoxlu videolar, fotolar çəkirdilər, onlar pulemyotlarla gəzib evlərə girirdilər, guya humanitar yardım paylayırdılar, “mülki vətəndaşların qayğısı”na qalırdılar. Onların bütün fəaliyyətləri bundan ibarətdi”.

Nəhayət, SBU-nun əks-kəşfiyyatının məlumatına görə, martın 13-də kadırovçular Kiyev vilayətindən Belarusa keçərək, oradan Çeçenistana qayıdıblar. Ramzan Kadırov isə bu yaxınlarda Ukraynaya daha 1000 döyüşçü göndərdiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər