İraq ordusunun Sincar əməliyyatı PKK terror təşkilatının çirkli simasını bir daha üzə çıxarıb. Bölgədə ələ keçirilən 200-dən çox PKK terrorçusundan 17-sinin xarici ölkə vətəndaşı olduğu bildirilib. Bu terrorçular arasında amerikalılar Vinsent Mark və Jan De Vola ilə yanaşı, ingilis Emer Edvards təşkilata İŞİD-ə qarşı mübarizə aparmaq üçün qoşulduqlarını, amma PKK-nın onları aldadaraq Türkiyə ilə qarşıdurmaya sövq etdiyini iddia ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qərbli terrorçular PKK-nın davamlı olaraq türklərə qarşı düşmənçilik aşıladığını, onları türk ordusu ilə döyüşlərin davamlı getdiyi bölgələrə göndərdiyini, Suriya və İraqda toqquşmalarda bir çox terrorçu dostlarının Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyini deyiblər.
Kürdüstan Demokrat Partiyasının (KDP) yüksək vəzifəli rəsmisi İraq ordusunun Sincardakı əməliyyatı və ondan sonra baş verənlərlə bağlı bunları deyib:
“İraq ordusunun bölgəyə girməsindən sonra PKK-nın təhdidləri qarşısında bir növ əsir olan 700 ailə Sincarı tərk etdi. Bundan başqa, təşkilatın 300-dən çox gənc üzvü birbaşa və ya dolayısı ilə xidmət etdikləri terror təşkilatından qaçaraq müxtəlif bölgələrdə məskunlaşıb. İranın birbaşa müdaxiləsi nəticəsində İraq ordusunun uğurlu əməliyyatı dayandırıldı. Bu zaman “Həşdi Şaabi” (İran tərəfindən dəstəklənir – red.) birbaşa müdaxilə edərək, “PKK-nı Sincardan tamamilə təmizləmək Türkiyəyə mükafat vermək olardı” əsasını gətirərək ordunun irəliləyişini dayandırdı”.
KDP rəsmisi “Həşdi Şaabi”nin əməliyyat zamanı ələ keçirilmiş terrorçuları istədiyini də bildirib:
“Onların arasında Almaniya, Fransa, İngiltərə, Hollandiya, Slovakiya və ABŞ vətəndaşları var. Onların bəziləri deportasiya edilib, amma “Həşd Şaabi” bu əcnəbi terrorçuların onlara təhvil verilməsini istəyib. Bu tələblər qəbul olunmayanda PKK ilə birlikdə dindirmə prosesinin qarşısını almağa çalışdılar. Çünki verdikləri ifadələrdə həm PKK-nın onları aldatdığı, həm də “Həşdi Şaabi”nin təşkilata silah və maddi-texniki dəstək verdiyi barədə məlumatlar vardı”.