Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqına daxil olması prosesinin bir neçə il, hətta onilliklər çəkə biləcəyi ilə bağlı bəyanatını şərh edib.
Teleqraf.com xəbər verir ki, ukraynalı nazir “Financial Times” qəzetinə müsahibəsində deyib:
“Üç ay əvvəl bu ölkənin (Ukraynanın) üzvlük perspektivi belə yox idi. İndi onlar bunun nə qədər vaxt aparacağını müzakirə edirlər”.
“Əgər Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu almazsa, bu o demək olacaq ki, Avropa Kiyevi aldatmağa çalışır və Ukrayna buna dözməyəcək”, - deyə D.Kuleba sözlərinə əlavə edib.
Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirmişdi ki, Aİ iyun ayında Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu alması məsələsini müzakirə edə bilər.