“Finlandiya və İsveçin NATO-ya üzvlük məsələsi gündəmə gəlsə, Türkiyə bu iki ölkəyə PKK-nı xatırladacaq”.
Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Taha Dağlı deyib.
Ekspert Türkiyənin PKK terror təşkilatına dəstək verən bu iki ölkənin NATO-ya üzvlüyünə veto qoyacağını istisna etməyib:
“Qərbdə güc balanslarının dəyişməsi Türkiyənin Avropa Birliyi ilə münasibətlərində daha güclü aktora çevrilməsinə yol aça bilər. Fransa Prezidenti Makron “NATO beyin ölümü keçirdi” dediyi andan Türkiyə alyansın mühüm qüvvəsi kimi bu NATO-nun yanında olub. Türkiyə son Brüssel sammitində də, NATO-nun ən mühüm aktorlarından biri olduğunu göstərdi.
Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsinə münasibətə gəldikdə, bu iki ölkə PKK-ya dəstək məsələsində kifayət qədər “səxavətli”dir. Üzvlük məsələsi gündəmə gəlsə, Türkiyə bu iki ölkəyə PKK-nı xatırladacaq.
Rusiya ilə münasibətlər məsələsi uzun müzakirə olunacaq mövzu olsa da, deyə biləcəyimiz ən qısa söz “Türkiyə Rusiya ilə müttəfiq deyil, NATO üzvüdür” ola bilər”.