19 May 2022 00:44
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Masyaf bölgəsindəki bəzi hərbi hədəflərə hücum edən İsrail qırıcılarına Rusiyanın “S-300” sistemlərindən raket atıldığı iddia edilib.

Teleqraf.com xəbər verir ki, mayın 13-də baş verdiyi iddia edilən hadisə ilə bağlı “Channel 13” məlumat yayıb.

İddiaya görə, olay İsrail təyyarələri öz bazalarına qayıdarkən baş verib. Təyyarələrə zərər dəymədiyi bildirilib.

Əməliyyatda hansı reaktiv təyyarələrdən istifadə edildiyi məlum olmasa da, xəbərdə İsrailin əvvəllər Suriyaya qarşı hücumlarda “F-15”, “F-16” və “F-35”lərdən istifadə etdiyi deyilib.

İsrail rəsmiləri iddia ilə bağlı heç bir açıqlama verməyib.

İsrail və Rusiya arasında Suriya ilə bağlı operativ əlaqə saxlamaq üçün qaynar xətt fəaliyyət göstərir. Mövzu ilə əlaqədar araşdırma aparan “Breaking Defense” saytı Rusiyanın raketləri buraxmazdan əvvəl İsraillə əlaqə saxlamadığını və heç bir xəbərdarlıq etmədiyini iddia edib.

“Əgər bu bir dəfə olan bir şeydirsə, heç nə olmaz. Amma bu, Rusiyanın siyasətində dəyişiklikdirsə, İsrail hökuməti qərar verməli olacaq. Bundan sonra Rusiya raketi buraxılanda İsrail ona cavab verəcəkmi? Bu, ciddi sualdır”, - sayta açıqlama verən diplomatik mənbə deyib.

Bu addımın İsrailin Ukraynanı dəstəkləməsinə cavab olduğu da iddia edilib. Amma hər iki ölkədən mövzu ilə bağlı açıqlama verilməyib.

Məlum olduğu kimi, son həftələrdə İsrail və Rusiya arasında gərginlik yaşanır. Rusiya Xarici işlər naziri Sergey Lavrovun Adolf Hitleri “yəhudi” adlandırması Təl-Əvivin sərt reaksiyası ilə üzləşib. Gərginlik artdıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İsrail Baş naziri Naftali Bennetə zəng edərək üzr istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu