Ukrayna Prezidenti Vladimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunun iştirakçılarını Rusiyanın nüvə də daxil olmaqla, xüsusi silahlardan istifadəsini gözləməyə yox, ona qarşı maksimum sanksiyalar tətbiq etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bunu forum iştirakçılarına xüsusi videomüraciətində deyib.
“Ölümcül atışlar gözləməyin, Rusiyanın xüsusi - kimyəvi, bioloji, Tanrı qorusun, nüvə silahlarından istifadə etməsini gözləməyin. Təcavüzkarda dünyanın kifayət qədər müqavimət göstərməyəcəyi təəssüratı yaratmayın”, - Zelenski bildirib.
Onun sözlərinə görə, sanksiyaları maksimuma çatdırmaq lazımdır ki, Rusiya və qonşuya qarşı amansız müharibə aparmaq istəyən hər bir potensial təcavüzkar bunun dərhal nəyə gətirib çıxaracağını aydın bilsin:
“Hesab edirəm ki, Rusiyaya qarşı hələlik belə sanksiyalar tətbiq edilməyib. Amma bunlar da olmalıdır: Rusiya neftinə embarqo, istisnasız olaraq bütün bankların tam bloklanması, Rusiyanın İT sektorundan tamamilə imtina, təcavüzkarla ticarətin tamamilə dayandırılması. Bu, presedent olmalıdır”.
O, bütün xarici bizneslərin Rusiya bazarından tamamilə çıxması üçün presedentin yaradılmasının vacibliyini vurğulayıb: “Markalarınız hərbi cinayətlərlə bağlı olmasın, ofisləriniz, hesablarınız, mallarınız hərbi cinayətkarlar tərəfindən öz qanlı işlərində istifadə olunmasın”.
Zelenski hesab edir ki, dəyərlər, xüsusən də genişmiqyaslı müharibə başlayandan sonra önəm kəsb etməlidir:
“Rusiya bazarını tərk edən hər bir şirkətə Ukraynada fəaliyyətini davam etdirməyi təklif edirik. Siz bununla təkcə bizim 40 milyonluq istehlakçı bazarımıza deyil, həm də Avropanın ümumi bazarına çıxış əldə edəcəksiniz”.