İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elit bölmələri) qüvvələri iki yunan tankerini saxlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə IRNA agentliyi strukturun mətbuat xidmətinə istinadla məlumat yayıb.
Saxlanmanın Fars körfəzi sularında baş verdiyi qeyd olunur.
Yunanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata görə, rəsmi Afina İranın iki gəmini ələ keçirməsini kəskin şəkildə pisləyib.
"Yunanıstanın Xarici İşlərnaziri Nikos Dendiasın göstərişi ilə XİN-in baş katibi Femistoklis Demiris İran körfəzində yunan bayrağı altında iki gəminin zorla ələ keçirilməsi ilə əlaqədar İranın Afinadakı səfirinə qəti etirazını bildirib. Yuxarıda göstərilən hərəkətlər əsasən pirat aktlarına bərabərdir", - bəyanatda deyilir.
"Baş katib beynəlxalq hüququn və beynəlxalq gəmiçiliyin əsas normalarına zidd olan bu aktları qətiyyətlə pisləyib. O, gəmilərin və onların ekipajlarının dərhal azad edilməsinə çağırıb. O, həmçinin vurğulayıb ki, bu tədbirlər ikitərəfli münasibətlərə, həmçinin Aİ ilə İran arasında münasibətlərə xüsusilə mənfi təsir göstərəcək.”, - Xarici İşlər Nazirliyindən bildirilib.