5 İyul 2022 13:25
1 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Suriyanın Haseke vilayətinin YPG/PKK terror təşkilatının işğalı altında olan Qamışlı rayonundakı hava limanına hərbi yük göndərib.

Teleqraf.com xəbər verir ki, “İlyuşin İl-76” tipli iki hərbi yük təyyarəsinin səhər saatlarında hava limanına endiyi bildirilib.

Xmeymim hərbi hava bazasından qalxan təyyarələrdə hərbi texnikalarla yanaşı, təxminən 300 hərbçinin olduğu deyilib. Bunan başqa, hərbi yükə “Pantsir-S1” qısa və orta mənzilli hava hücumundan müdafiə sisteminin daxil edildiyi də qeyd olunub.

Rusiya bundan əvvəl iyunun 8-də Türkiyə ordusunun “Sülh çeşməsi” əməliyyat zonasının cənub-şərqində yerləşən Təl-Təmirdəki bazaya 2 tank, radar sistemi, “Doçka” tipli zenit və 8 personal daşıyıcı göndərmişdi.

Son həftələrdə Ayn İsa, Təl-Təmir, Mənbiç, Aynül Ərəb və Qamışlıda rus hərbi qüvvələrinin sayında artım qeydə alınıb.

Rusiyanın bölgədəki fəallığının Türkiyənin Suriyanın şimalında yeni antiterror əməliyyatı keçirəcəyi siqnalından sonra başlaması da diqqət çəkib.


Müəllif: Mənsur Rəğbətoğlu