4 Avqust 2022 18:43
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya, ABŞ və ya Avropa Birliyinin reaksiyaları boş olmamalıdır. Biz gözləyirik ki, beynəlxalq qurumlar, aparıcı dövlətlər Ermənistanı sülhə gəlməyə məcbur etsin. Nə üçün bunu daha çox Rusiyadan gözləyirik? Rusiyanın prosesdə məsuliyyəti var. Biz gözləyirik ki, Rusiya dərhal Ermənistanı öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmağa məcbur etsin".

Bu sözləri Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə deyib.

Deputat eyni zamanda qeyd edib ki, Ermənistanın üzərinə götürdüyü öhdəliklərin icrasına beynəlxalq qurumların ciddi təkidi və nəzarəti altında həyata keçirilməsinə başlanılmalıdır: "Bu ölkələrin, eləcə də beynəlxalq qurumların məsuliyyəti var. Yəni bəyanatlar verirlərsə, bunlar boş söz yığını olmamalı, təcavüzkarı məsuliyyətə cəlb etməlidirlər. 30 il onlar bu prosesdə boş bəyanatlar verməklə keçiniblər. Nəticədə 100 minlərlə azərbaycanlı qaçqın olub, 10 minlərlə insanımızı-uşaqları və qadınları məhv ediblər. Bunu edənlər yenə də təxribatlara əl atır".

Asim Mollazadə bildirib ki, ABŞ tərəfləri dialoqa çağırması və narahat olması başa düşüləndir: "Ancaq onlar dərhal Ermənistanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağıran bəyanatlar verməlidir. ABŞ da, Rusiya da, Avropa Birliyi və digər beynəlxalq təşkilatlar da bu cür davranmalıdırlar".

Asim Mollazadə bildirib ki, Azərbaycan boş bəyanatlara təmkinlə yanaşır: "Azərbaycanın "Dəmir yumruğu" yerindədir və özünü müdafiə etmək qabiliyyətindədir. BMT Təhlükəsizlik Şurasının qətnamələrini, ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifələri Azərbaycan yerinə yetirdi. Üçtərəfli bəyannaməni də Azərbaycan sürətlə həyata keçirə bilər. Ermənistan və bu ölkənin arxasında duran, müdafiə etmək istəyən ölkələr də bunu bilməlidir. Bu, Azərbaycan xalqının iradəsinə arxlanan addımlardır".


Müəllif: Nemət

Oxşar xəbərlər