Ukrayna strateji təşəbbüsü ələ keçirir və Rusiyanı qüvvələri yenidən bölüşdürməyə, prioritetlərini dəyişməyə məcbur edir.
Teleqraf.com xəbər verir ki, bu qənaətə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitikləri gəlib.
Analitiklər qeyd edirlər ki, Ukraynanın əks-hücum əməliyyatlarına cavab olaraq Rusiya qüvvələri getdikcə daha çox şəxsi heyəti və texnikanı Xerson və Zaporojye vilayətinin qərbinə köçürür.
Həmçinin, Rusiya Ukrayna bölgələrindən Krıma hərbi texnikanı, xüsusilə artilleriya və aviasiyanı yenidən yerləşdirir.
"Rusiya qüvvələri Luqansk vilayətinin ələ keçirilməsinə üstünlük vermək üçün əvvəllər Xarkov və cənub istiqamətində hücum əməliyyatlarının istiqamətini dəyişib və ya dayandırıblar, lakin onlar bunu komandirlərinin dəyişən prioritetləri əsasında öz təşəbbüsləri ilə ediblər. Rusiya qüvvələri bu işdə şüurlu şəkildə səylərini cəmləyəcək hədəfləri seçməkdənsə, Ukraynanın Xerson bölgəsində əks-hücumlarının təhlükəsinə reaksiya verirlər”, - ekspertlər qeyd edirlər.
ISW qeyd edir ki, genişmiqyaslı müharibənin başlanğıcında, hətta Kiyevi ələ keçirmək cəhdi dəf edildikdən sonra da ruslar sərbəst şəkildə əməliyyatlarını şərqdə cəmləşdirə bildilər. Amma indi vəziyyət dəyişib.
"Ukraynanın Xersondakı əks-hücum əməliyyatına hazırlığı və bu əks-hücumun ilkin əməliyyatları, bütövlükdə Rusiya qüvvələrinin kəskin zəifləməsi ilə birlikdə, görünür, Ukraynaya ilk dəfə olaraq müharibənin gedişatını aktiv şəkildə formalaşdırmağa imkan verir", - hesabatda deyilir.