13 Avqust 2022 11:07
4 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvanın hərbi təcavüzü nəticəsində 7 ay əvvəl başlayan Rusiya-Ukrayna savaşı yeni fazaya keçir. Bu, ilk növbədə döyüşlərin Rusiyanın nəzarətində olan ərazilərə keçməsidir və gözlənilən idi. Ümumiyyətlə, bir çox analitikin fikrincə, son hadisələr növbəti irimiqyaslı döyüşə hazırlığın əlamətləridir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspertə görə, bu ehtimal inandırıcı görünür, çünki qarşıdan payız gəlir, müharibənin fevral-aprel ayları dövrünün təcrübəsi isə yağıntılar mövsümündə döyüş şəraitinin və silahlı qüvvələrin təhcizatının çətinləşdiyini göstərmişdi:

“Ona görə də tərəflər avqust ayında və qismən də sentyabrın əvvəllərində uğur əldə etməlidir ki, ardınca atəşkəsə razılaşsınlar. Söhbət ilk növbədə qarşıdan gələn mərhələdə taktiki uğur əldə edə biləcək tərəfin atəşkəsə razılaşmasından gedir, itki verəcək tərəfin buna razılaşacağı isə hələ çox ciddi sualdır. Həmin mərhələ isə əslində artıq başlayıb və hələlik “döyüşlə kəşfiyyat aparmaq” taktikası xarakteri daşıyır.

Tərəflərin hədəfləri də az-çox bəllidir: Ukrayna tərəfi savaşın Rusiyanın daxilinə (və ya nəzarətində olan ərazilərə) keçirməyə çalışır, Rusiya isə əlindəki bütün vasitələrlə həm Ukraynanı, həm də onu dəstəkləyən beynəlxalq koalisiyanı şantaj edir. Ukrayna bunu Krımda (Saki aerodromu), Rusiya isə Zaporojedə (AES) edir.

Tərəflərin taktikası da eynidir: Rusiya Zaporoje AES-in, Ukrayna isə Saki aerodromunun raket atəşinə tutulmasına görə məsuliyyəti üzərinə götürmür. Əslində ikinciyə ehtiyac da yoxdur və Rusiyanın rəsmi izahı (anbarlardakı silahların detonasiyası) Ukraynaya vəziyyətdən çıxmağa kömək edir. Kiyev üçün əsas nəticələrdir”.

Ərəstun Oruclu son gəlişmələrdən əldə edilən nəticələrə də toxunub:

"Ukrayna şəhərlərinə aviazərbələr endirilməsi üçün istifadə olunan mühüm aerodromlardan biri oradan qalxan təyyarələr və helikopterlər daxil məhv edilib. Müxtəlif mənbələrə görə bu, 9-17 təyyarə və 1-7 helikopterdir.

Müharibə addım-addım Rusiyanın nəzarətində olan ərazilərə keçir.

Müharibə başlayandan hücum mövqeyində olan, bu səbəbdən də müdafiə üçün müvafiq taktikaya və zəruri istehkamlara malik olmayan Rusiya ordusu Ukraynanın hücuma keçəcəyi halda ağır məğlubiyyətlə üzləşə bilər.

Rusiya ordusunun hava hücumundan müdafiə qüvvələri çox zəif təşkil olunub. Baxmayaraq ki, Moskva Krımın müdafiəsi üçün hələ 2-3 il əvvəl S-300 zenit-raket komplekslərini (ZRK) yeni, daha müasir S-400 ZRK ilə əvəzlədiyini bəyan etmişdi.

Avropada ən böyük nüvə stansiyası olan Zaporoje AES-i atəşə tutmaqla Moskva nüvə şantajına əl atır ki, bunun da cavabı təkcə Ukraynadan gəlməyəcək.

Krımda əhali arasında artıq panika başlayıb və məlum Krım körpüsü vurulacağı halda panika daha ciddi proseslərə (əhali-ordu qarşıdurması, kortəbii kütləvi miqrasiya cəhdləri və s.) keçə bilər.

Bütün bunların nəticəsində əksəriyyətin Donbas və Xerson istiqamətlərində gözlədiyi həlledici döyüş kütləvi diversiyalar və dəqiq zərbələr şəklində Krımda baş tuta bilər ki, bu da istənilən müharibə üçün mühüm amillərdən biri olan psixoloji üstünlüyün Ukraynanın tərəfində möhkəmlənməsinə səbəb olardı.

Təbii ki, bunların hamısı ehtimallardır, amma hər bir ehtimalın da özünü doğrultmaq ehtimalı var. O cümlədən də Rusiya-Ukrayna savaşında növbəti və bəlkə də həlledici döyüş meydanının Krım ola biləcəyi ehtimalının. Həm də ona görə ki, Krımın hətta qismən itirilməsi və ya nəzarətdən çıxması Moskva üçün Qara dəniz bölgəsində onsuz da kövrək və nisbi olan dominantlığın itirilməsi olardı. Bu isə müasir geosiyasi mübarizənin əsas hədəflərindəndir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər