19 Avqust 2022 10:17
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa ordusu irimiqyaslı müharibə durumunda problemlərlə üzləşəcək - ilk növbədə, silah və sursat çatışmazlığı səbəbindən.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa parlamentinin Müdafiə Komitəsinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı keçirilən iclasında bildirilib.

İclasda yüksək intensivlikli müharibə zamanı Fransanın özünü müdafiə etməyə hazır olub-olmaması məsələsi müzakirə olunub. Qeyd edilib ki, bu gün belə bir savaşın baş vermə ehtimalı İkinci Dünya Müharibəsindən bəri ən yüksək həddə çatıb.

İclasda iştirak edən Fransa Silahlı Qüvvələrinin baş qərargah rəisi Terri Bürkar Avropada irimiqyaslı müharibə təhlükəsinin görülməmiş formada artdığını deyib:

“Təhlükələr artır və hərəkətə keçid Ukraynada olduğu kimi, Avropa üçün də reallıqdır. Gücdən məhdudiyyətsiz istifadə bir çoxları üçün münaqişələrin həlli yoluna çevrilib”.

Baş qərargah rəisi Fransa ordusunun irimiqyaslı müharibəyə hazır olmadığını söyləyib:

“Fransa ordusu böyük müharibəyə deyil, aşağı intensivlikli döyüşlərə, ilk növbədə Afrikada cihadçılara qarşı əməliyyatlara hazırlaşıb. Amma bu təcrübə irimiqyaslı müharibə zamanı bizə kömək etməyəcək”.

Parlamentin Müdafiə Komitəsinin sədri Jan-Lui Terionun sözlərinə görə, Fransa nüvə silahına və Avropada döyüş təcrübəsinə malik ən böyük orduya sahib olmasına baxmayaraq, irimiqyaslı müharibəyə lazımi səviyyədə hazır deyil. O qeyd edib ki, Fransa ordusunda ilk növbədə hərbi texnika və sursat çatışmır.

Parlamentin Təhlükəsizlik Komitəsinin sədri Kristian Kambon isə daha ilginc iddia ilə çıxış edib: “15 günlük sursatımız var və milli təhlükəsizlik baxımından adlarını çəkə bilmədiyim bəzi silahlar üçün isə cəmi 3-4 günlük sursat ehtiyatımız qalır”.


Müəllif: Mənsur Rəğbətoğlu