“İllər ərzində Kreml təbliğatı sayəsində ifrat millətçiliyə, ksenofobiyaya, irqçiliyə, bir sıra hallarda isə açıq faşizmə yoluxdurulmuş Rusiya cəmiyyətində uğur qazanmağın yeganə yolu həmin baxışlarla və bu ideoloji platforma ilə silahlanmaqdan keçir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.
Ekspert Rusiyanın ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkib:
“Müasir Rusiya millətçiliyinin atalarından və “Rus Dünyası”nın əsas ideoloqlarından olan Aleksandr Duqinin qızı Darya avtomobilinə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub. Bir çox müşahidəçinin dediyinə görə, əslində bombanın hədəfi Duqinin özü olsa da hədəfə gələn onun qızı olub.
Duqinin daha çox Darya Platonova təxəllüsü ilə tanınan qızı da atasının ideoloji tərəfdaşı və fəal dəstəkçisi idi. Məlumata görə, o, Moskva ətrafındakı tədbirdən geri dönərkən həyatını itirib. Bu da qeyd edilir ki, terrorun hədəfi olan Duqinin sağ qalmasının səbəbi son anda başqa maşında getməyə qərar verməsi olub.
Donbas terrorçu-separataçılarından tutmuş digər Rusiya radikallarınadək bir çoxları terrorun ukraynalı diversantlar tərəfindən təşkil olunduğunu iddia etsələr də, bu, inandırıcı görünmür. İlk növbədə ona görə ki, indi ukraynalıları maraqlandıran daha çox onların ölkəsinə qarşı müharibə aparan generallardır.
İdeoloqlar isə bir qayda olaraq daxildəki siyasi-ideoloji rəqibləri tərəfindən hədəfə alınırlar. Duqin də bu mənada istisna deyil. Avrasiya ideyalarının arxasında gizlənən Duqinin əsas ideoloji platforması rus faşizmidir və bu, getdikcə daha aydın görünür. Çox güman ki, onun hədəfə alınmasının səbəbi də elə budur. Amma konkret halda Duqinə qarşı terror törədənlərin onun ideoloji rəqibləri deyil, həmin ideologiyanı onun əlindən almaqda maraqlı tərəfin olması daha inandırıcıdır. Bunun da konkret səbəbi var: bu gün Rusiyada radikal millətçiliyə alternativ ideologiyanın olduğu və hətta ola biləcəyi də görünmür”.
Ərəstun Oruclu bildirib ki, illər ərzində Kreml təbliğatı sayəsində ifrat millətçiliyə, ksenofobiyaya, irqçiliyə, bir sıra hallarda isə açıq faşizmə yoluxdurulmuş Rusiya cəmiyyətində uğur qazanmağın yeganə yolu həmin baxışlarla və bu ideoloji platforma ilə silahlanmaqdan keçir:
“Bu ölkədə başqa siyasi baxışların şansınin olduğu görünmür. Elə bu səbəbdən də hətta daim liberal siyasətçi kimi tanınmış keçmiş prezident Medvedyevin davamlı olaraq millətçiliyə, şovinizmə, irqçiliyə istinad etməsi təsadüfi sayılmamalıdır. Müasir Rusiya siyasətində uğur (daha doğrusu xalqın dəstəyini) qazanmağın yeganə yolu budur. Elə həmin səbəbdən də Rusiya siyasi çevrələrində gedən mübarizə əslində millətçi-faşist ideologiyaya sahiblənmək uğrunda gedən mübarizədir. Hakimiyyətə aparan yeganə yol həmin ideoloji paltformadan keçir. Elə buna görə də ölüm-dirim savaşı ideoloji baxımdan eyni qütbdən olanlar arasında gedir və gedəcək də.
Bu mənada “Rus dünyası”nın atasının hədəfə alınması, bu ideoloji platforma uğrunda mübarizənin (əslində isə müharibənin) kəskinləşdiyinin və kulminasiya nöqtəsinə yaxınlaşdığının indikatoru kimi qəbul oluna bilər. Digər tərəfdən də “ayının dərisini bölüşdürməyə” başlayıblarsa, demək, ayı ya artıq ölüb, ya da can üstədir. Bu da öz növbəsində Rusiyada diversiyaların, terror aktlarının, “ürəktutmalardan” ölümlərin, “avtoqəzaların” və nəhayət “intiharların” artacağını deməyə əsas verir. Mübarizənin vasitələri də bunlardır, çünki faşist ideologiyasının hökmranlıq etdiyi siyasi mühitdə sivil mübarizə metodları olmur”.