30 Avqust 2022 22:58
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İraqda ABŞ-İran qarşıdurması yeni müstəviyə daxil oldu. Beləliklə, Amerika İranın bu ölkədəki dayaqlarını sıradan çıxarmaq üçün hərəkətə keçib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, İraqdakı son gəlişmələr 2003-cü ildən bəri bu ölkədə möhkəmlənməyə çalışan İranın varlığına son qoymağa hesablanıb:

“ABŞ-ın hərbi müdaxiləsi ilə devrilən Səddam Hüseyndən sonra İran buradakı şiə qruplaşmalarına aktiv dəstək verərək, hakimiyyətə təsir dairəsinə genişləndirmişdi. Artıq Yaxın Şərqdə geosiyasi şərtlər yenidən dəyişir. Bu baxımdan, İranın İraqdakı varlığı bu ölkədə və bölgədə sabitliyə əngəldir. İranın ötən illər ərzində İraqda “Həşd əş-Şaabi” kimi silahlı qruplaşmalar yaratması və mövcud dəstələrə dəstək verməsi son nəticədə ölkəni yenidən vətəndaş müharibəsinin caynağına atdı. İran əlindəki bütün vasitələrdən istifadə edərək, dəstəklədiyi qruplaşmaların hakimiyyətə gəlməsinə çalışır.

Artıq ABŞ İranın İraqdakı pozucu fəaliyyətlərinə göz yummaq fikrində deyil. ABŞ İranın İraqdakı varlığına son qoymaq üçün şiə “Sədr” hərəkatının lideri Müqtəda əs-Sədri önə çıxarmağa başlayıb. Sədr şiə olsa da, İranın ölkəsindəki varlığının əleyhinədir. Təsadüfi deyil ki, Sədrin bloku son parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, İran dəstəkli qrupla koalisiya hökuməti qurmaqdan imtina etdi. Üstəgəl, siyasətdən çəkildiyini elan etməsinə rəğmən, yenə də iranyönlü siyasi qüvvələrin iqtidarı ələ keçirməsinə imkan verməyəcəyini bildirir.

Sədrin tərəfdarları dünəndən prezident sarayı, hökumət və parlamentin binalarını ələ keçirib. Bağdad küçələrində silahlı qarşıdurma başlayıb. İran isə bütün gücünü səfərbər edərək, hakimiyyəti əldən buraxmaq istəmir”.

Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ və İngiltərə aktiv şəkildə İranın İraqdakı dayaqlarına qarşı hərəkətə keçib:

“İraqdakı son proseslərdə “Amerika izi”nə rast gələn İran dəstəklədiyi qruplaşmalar vasitəsilə ABŞ-ın Bağdaddakı səfirliyini raketlə hədəf alıb.

Sədr də ölkəsində fəallığını artıran İrana qarşı mübarizəni gücləndirib. Sədrin hədəfləri bəllidir: İranın yartadığı “Həşd əş-Şaabi” və digər silahlı qruplaşmaların ləğvinə nail olmaq və Tehran dəstəkli qüvvələrin hakimiyyətə yolunu birdəfəlik bağlamaq. Hər iki tərəfin şiə olmasına baxmayaraq, “Sədr” Hərəkatının özəyini əsasən milli qüvvələr təşkil edir. Daxildə böyük dəstəyə malik olan “Sədr”in geri çəkiləcəyi gözlənilən deyil.

Beləliklə, İraqda ABŞ-İran qarşıdurması pik həddə qalxıb. İraqla yanaşı, İranın Suriyadan da çıxarılması prosesinə start verilib. Hesab edirəm ki, son gəlişmələr son illərdə bölgədəki qeyri-sabitliyin və xaosun əsas memarı olan İranın məğlubiyyəti ilə nəticələnəcək. Göründüyü kimi, Tehran məzhəb və dini təəssübkeşlik adı altında qonşu ölkələrdə nələrə yol açır.

Qənaətimə görə, Azərbaycan da İraqda baş verənləri diqqətlə izləməlidir. Çünki İranın məzhəb adı altında ölkəmizə qarşı da xoşagəlməz niyyətləri var və bunu müxtəlif şəxslərin dili ilə aşkar şəkildə dilə gətirir. Üstəgəl, İranın ötən illər ərzində və bu gün Ermənistanı dəstəkləməsi heç kimə sirr deyil. İran bundan sonra da anti-Azərbaycan mövqeyində durmaqda davam edəcək. Əsrlərdir dəyişməyən İran bir günə dəyişməyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər