30 Avqust 2022 20:59
1 674
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yunanıstan və Türkiyə arasındakı mövcud gərginliyin arxasında ABŞ və Fransa dayanır”.

Yunanıstanın hərbi təyyarələrinin Aralıq dənizində Türkiyə F-16-larına müdaxiləsi barədə Teleqraf.com-a danışan politoloq İlqar Vəlizadə belə deyib.

Ekspert Yunanıstanın qardaş ölkəyə qarşı təhrikedici addımlarının bir sıra məqamlarla əlaqəli olduğunu söyləyib:

“Yunanıstanın daxili siyasi vəziyyəti stabil deyil. Eyni zamanda, Yunanıstanın Türkiyəyə qarşı atdığı addımlarda xarici qüvvələrin də rolu var. Türkiyə də son zamanlarda bölgədə cəsarətli addımlar atır. Xüsusən də Türkiyənin “Əbdülhəmid Xan” qazma gəmisini Aralıq dənizinə buraxması diqqət çəkir. Türkiyə ilə Cənubi Kipr arasındakı suların dibində qaz axtarışları intensivləşib. Paralel olaraq, Türkiyə tərəfindən öz dəniz akvatoriyasında möhmkəmləndirmə işləri aparılır. Yunanıstan da bütün bunlardan narahatlığını dilə gətirir.

Yunanıstan özü son zamanlarda Türkiyə sahillərinə yaxın olan adalara hərbi texnikalar və silahlar daşıyır. Adalardakı mövcud silahları yeniləyir. Üstəgəl, Türkiyə ilə sərhəd bölgələrindəki bazalarındakı köhnə hərbi texnikalar və silahlarını Ukraynaya göndərir. Bu texnikaları və silahları yeniləri ilə əvəzləyir. Bunlar ABŞ və Fransa istehsalı olan silah və texnikalardır. Yunanıstan Almaniyadan da tanklar alır. Təbii ki, bütün bunlar Türkiyəni narahat etməyə bilməz.

Hesab edirəm ki, bölgədə artan gərginliyin arxasında ABŞ və Fransa kimi Qərb dövlətləri dayanır. Bu dövlətlər Türkiyənin müstəqil addımlarından narahatdırlar. Çünki Türkiyə NATO üzvü olmasına baxmayaraq, regional və xarici siyasətdə, o cümlədən, Rusiya-Ukrayna müharibəsinə yanaşmada müstəqil rol oynayır. Türkiyə artıq qlobal oyunçu kimi özünü təsdiqləyib. Bu da ABŞ və Fransa kimi dövlətləri narahat edir. Bu səbəbdən də, Yunanıstan vasitəsilə Türkiyəyə təzyiq göstərməyə çalışırlar.

Yeri gəlmişkən, Türkiyənin Suriyada atdığı addımlar və bu regionda da güclənməsi Amerikanın xoşuna gəlmir. Birbaşa olmasa da, dolayı yolla bundan keçirdiyi narahatlığı göstərir”.

İlqar Vəlizadə iki ölkə arasındakı gərginliyin açıq qarşıdurma müstəvisinə keçəcəyinə inanmadığını bildirib:

“Düşünmürəm ki, müharibə ola bilər. Çünki Yunanıstan və Türkiyə arasında bundan əvvəl də dəfələrlə belə gərginliklər olub. Hətta əvvəllər iki ölkənin hərbi gəmiləri və təyyarələri arasında insidentlər də baş verib. Bir sözlə, Yunanıstan və Türkiyə ara-sıra təkrarlanan belə hallara öyrəşib. Hər iki ölkənin gərginlik anlarında davranış qaydaları formalaşıb. Yəni yaranan gərginliyin açıq qarşıdurmaya çevrilməsinin qarşısını ala bilirlər. Çünki nə Yunanıstan, nə də Türkiyə müharibə istəyir. Buna görə də, baş verənlərin “əzələ nümayişi” olduğunu və daha ciddi fəsadlarının olmayacağını düşünürəm”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər