1 Sentyabr 2022 16:22
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemi Egey və Şərqi Aralıq dənizində uçuşlar həyata keçirən türk döyüş təyyarələrinə radar kilidi qoyduqdan sonra Türkiyənin məsələni NATO-ya ötürməsi Afinada böyük əks-səda doğurub.

Teleqraf.com xəbər verir ki, ölkə mətbuatı Yunanıstan və Cənubi Kiprin Türkiyənin iddialarını qəbul etmədiyini yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın S-300-lə bağlı açıqlamalarını işıqlandıran yunan nəşrləri “Türkiyə yeni cəbhə açır” və “NATO-ya meydan oxuyur” mesajlarını verib.

Türkiyə Müdafiə Nazirliyi Yunanıstan rəsmilərinin təkzibindən sonra hərəkətə keçib.

Türkiyədə Yunanıstanın müttəfiqlik prinsiplərinə uyğun gəlməyən davranışlarının radar görüntüləri var. Görüntülərin alyansa üzv ölkələrin müdafiə nazirliklərinə, xüsusilə də NATO Baş Katibliyinə göndərilməsinin planlaşdırıldığı bildirilir.

Müdafiə naziri Hulusi Akar da sözügedən təcavüzlə bağlı açıqlama verib:

“Daim gərginliyi artırmağa çalışan qonşumuzun bu hərəkətini görmək, anlamaq, izah etmək lazımdır. Bu cür açıq-aşkar təkəbbür və məsuliyyətsiz davranış yolverilməzdir”.

Türkiyə F-16-ları avqustun 23-də Egey və Şərqi Aralıq dənizində beynəlxalq hava məkanında missiya uçuşları zamanı Yunanıstanın S-300 sistemlərinin təcavüzünə məruz qalıb. Krit adasında yerləşdirilmiş sistemlər türk hərbi təyyarələrinə radak kilidi qoyub. Təcavüzə baxmayaraq, türk qırıcıları planlaşdırılmış NATO missiyasını başa vuraraq, sağ-salamat öz bazalarına qayıdıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər