“Qarabağın Ermənistanın işğalından azad edilməsi prosesində dost və qardaş ölkə Azərbaycana dəstəyini heç vaxt dayandırmayan Türkiyə indi Qarabağın yenilənməsi üçün Azərbaycanın yanında olacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.
Nəşr bildirib ki, bu çərçivədə sentyabrın 16-da Türk Dövlətləri Təşkilatı tərəfindən Şuşada Qarabağ Biznes Forumu keçiriləcək:
“Qarabağ bölgəsinin bərpası və yaşıllaşdırılmasının müzakirə olunacağı Biznes Forumda Qarabağ və şərq iqtisadi regionunda investisiya imkanlarının qiymətləndirilməsi üçün xüsusi sessiya da baş tutacaq.
Foruma Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türk Dövlətləri Təşkilatının rəhbəri Bağdad Amreyev, Türkiyə Ticarət və Sənaye Palatasının (TTSO) sədri Rıfat Hisarcıklıoğlu, həmçinin Özbəkistan, Qırğızıstan və Türkmənistanın ticarət və sənaye palatalarının rəhbərləri, müxtəlif dövlət qurumlarının və təşkilatların nümayəndələri iştirak edəcəklər”.
Qeyd edilib ki, Biznes Forumda qurumlararası görüşlər də keçiriləcək. Bu görüşlər 7 sektor üzrə baş tutacaq. Nümayəndə heyətləri tikinti (yaşıl infrastruktur), kənd təsərrüfatı və qida, bərpaolunan enerji, yüngül sənaye (tekstil, maşınqayırma, ehtiyat hissələri), turizm, mədən və informasiya-kommunikasiya texnologiyaları üzrə məsləhətləşmələr aparacaqlar. Razılaşdırılmış sahələr üzrə yeni əməkdaşlıq başlayacaq və investisiyalar qoyulacaq.
Bu sahələrdə Türkiyədən olan şirkətlər xüsusilə seçilir. Bu mənada, xüsusən də bərpaolunan enerji ilə bağlı müxtəlif danışıqların davam etdiyi bəllidir.
Nəşr Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməzin ötən ilə Bakıda mövzu ilə bağlı verdiyi açıqlamanı da xatırladıb:
“Azərbaycanın bərpaolunan enerji ilə bağlı ciddi hədəfləri var. Xüsusilə də işğaldan azad edilmiş Qarabağ bölgəsində “yaşıl enerji” hədəfləri var. Azərbaycan bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində yüksək potensiala malik ölkədir. Dənizdə həm sahildə, həm də sahilə yaxın ərazilərdə külək turbinlərinin tikintisi layihələri var.
Hazırda Qarabağa investisiyalar dövlət tərəfindən həyata keçirilir. Orada həm günəş, həm də külək enerjisi sahələrinə sərmayə qoymağı planlaşdırırlar. Türkiyədə bu sahədə təcrübəsi olan şirkətlər də bura görüşmək, danışıqlar aparmaq üçün gələcəklər. Müqavilə bağlansa, şad olardıq, amma hələ ki, heç bir razılaşma yoxdur. Danışıqlar müsbət istiqamətdə gedir”.