Mühafizəkarlar Partiyasının lideri Liz Trass Böyük Britaniyanın baş naziri vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, Trass Şotlandiyanın Balmoral qəsrində Britaniya Kraliçası II Elizabetlə görüşüb.
Ənənəyə görə, kraliça seçilmiş baş nazirlə görüşdə ona hökuməti qurmağı tapşırır. Bundan əvvəl 96 yaşlı kraliça üç ildən bir qədər çox bu vəzifəni tutmuş Boris Consonun istefasını qəbul edib. Onun Conson və həyat yoldaşı ilə görüşü 40 dəqiqə çəkib.
Liz Trass Marqaret Tetçer və Tereza Meydən sonra Britaniya hökumətinin sükanı arxasına keçən üçüncü qadındır.