ABŞ və müttəfiqləri Ukraynada növbəti aylarda da davam edəcəyi gözlənilən müharibədə Kiyev ordusunu qış şərtlərinə hazırlamaq üçün hərəkətə keçib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın rəhbərlik etdiyi Ukraynaya Dəstək Əlaqə Qrupu Almaniyanın Ramşteyn aviabazasında görüşüb.
Bu xarakterli beşinci toplantıda Ukrayna ordusunun yaxınlaşan qışa hazırlığının müzakirə edildiyi bildirilib. ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən görüş xarici işlər naziri Antoni Blinkenin Kiyevə gözlənilməz səfəri ilə eyni vaxtda baş tutub. Görüşün əvvəlində ABŞ prezidenti Co Baydenin Ukraynaya yeni, 675 milyon dollarlıq hərbi yardımı təsdiqlədiyini açıqlayıb.
“Bu silah yardımı Ukraynada müharibənin uzun müddət davam edəcəyi nəzərə alınaraq hazırlandı. Kiyev administrasiyasına təhvil veriləcək silahlar arasında HIMARS raket sistemləri üçün ağıllı döyüş sursatları, təkmil hava hücumundan müdafiə sistemləri və mobil tank əleyhinə raket sistemləri var”, - Pentaqon rəhbəri bildirib.
“Bloomberg” xəbər agentliyi 155 mm-lik haubitsa toplarından atılan və atıldıqdan sonra GPS nəzarəti ilə hədəfə çatan “M982 Excalibur” top güllələrinin Ukraynaya göndəriləcəyini yazıb. ABŞ-ın ilk dəfə 2007-ci ildə İraqda istifadə etdiyi bu ağıllı top güllələrinin səhv marjası cəmi 2 metrdir.
Ukraynaya daha çox silah vermək istəməyən Almaniya Müdafiə Nazirliyi silah əvəzinə qış çadırları və əsgərlərin qışda uzun müddət açıq sahədə qaldıqları zaman istifadə edə biləcəkləri kamuflyaj göndərəcəklərini açıqlayıb.
“Ramşteyn” prosesinə əlavə olaraq Hollandiya və Almaniya Almaniyanın cənubunda minaları təmizləmək üçün 20 Ukrayna əsgərinə təlim keçəcəklərini açıqlayıblar. Berlin hökuməti işğalın əvvəlində silah əvəzinə dəbilqə göndərməyi təklif etmiş və bu təklif ukraynalıların reaksiyasına səbəb olmuşdu. ABŞ-ın Ukraynaya dəstək təşəbbüsü ilə başlayan “Ramşteyn” prosesinin əvvəlki iclasında 50 iştirakçıdan 40-ı Kiyevə silah yardımı vəd edib, Ukrayna ordusu isə dərhal sonra ölkənin cənubunda Rusiya ordusuna qarşı hücuma keçib.