12 Sentyabr 2022 11:39
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna müharibənin gedişatını öz xeyrinə döndərib, amma əsas məsələ indiki əks-hücumun nə vaxtsa bitəcəyi ilə bağlıdır. Ruslar yeni müdafiə xətti quracaqlar, bəzi yerlərdə lokal hücumlar təşkil edəcəklər. Ukrayna Silahlı Qüvvələri bütün əraziləri azad etmək üçün yeni hücumlar təşkil etməli olacaq. Bu baxımdan müharibə 2023-cü ilə qədər uzanacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında bildirilib.

“Ukrayna hakimiyyəti Xerson vilayətinə əks-hücum məsələsini ortaya ataraq, işğalçıların diqqətini əsas hücumun keçirilməli olduğu ərazilərdən yayındırıb. Yaxşı hazırlanmış ssenari sayəsində plan işə düşdü. Bu planın tərkib hissələrindən biri Xerson və Xarkov vilayətlərində düşmənin logistika xətlərinə hücumlar idi. Bunun üçün Silahlı Qüvvələr HIMARS və digər Qərb silahlarından səmərəli istifadə edib”, - hesabatda qeyd edilib.

Amerikalı analitiklərin fikrincə, Ukrayna müharibənin gedişatını öz xeyrinə döndərib:

“İndi Ukrayna Silahlı Qüvvələri daha tez-tez döyüş əməliyyatlarının xarakterini və yerini diktə edə biləcəklər. Rusiya isə Ukrayna müdafiə qüvvələrinin həm fiziki, həm də psixoloji təzyiqlərinə getdikcə daha qeyri-adekvat reaksiya verəcək”.

Eyni zamanda, ISW vurğulayır ki, hazırkı əks-hücum müharibəni bitirməyə imkan verməyəcək. Müəyyən bir nöqtədə ruslar yeni müdafiə xətti qura və hətta hücumlara keçə biləcəklər.

Artıq Rusiya Xarkov vilayətində Ukraynaya məğlub olub. Ukrayna Silahlı Qüvvələri “ildırımsürətli əks-hücum”la demək olar ki, bütün bölgəni geri alıb. Ukrayna qüvvələri Vovçansk və Velikiy Burluka doğru irəliləyib. Rusiya Müdafiə Nazirliyi qoşunların bütün Xarkov vilayətindəki mövqelərdən çıxarılmasını təsdiqləyib.

Cənubda mövqe döyüşləri davam edir. Ukrayna Silahlı Qüvvələri Rusiyanın arxa xəttlərinə - bazalara, anbarlara və nəqliyyat vasitələrinə zərbələr endirir.

Rusiya Ukraynada müharibəni davam etdirmək üçün bütün mümkün vasitələrlə itkiləri kompensasiya etməyə çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu