Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Liz Trass qeyd edir ki, Britaniyanın 2023-cü ildə Ukraynaya hərbi yardımı hazırkı rəqəmləri 2,3 milyard funt-sterlinq üstələyə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir.
“Ukraynanın son həftələrdə qazandığı qələbələr ruhlandırıcı olub. Bu cəsarətli insanlar dəfələrlə şübhə edənlərə meydan oxuyub və onlara lazım olan hərbi, iqtisadi və siyasi dəstək verildikdə nə edə biləcəklərini nümayiş etdiriblər”, - Trass vurğulayıb.
Britaniya baş naziri bildirib: “Ukrayna xalqına mesajım budur: Böyük Britaniya bundan sonra da hər addımda sizin yanınızda olacaq. Sizin təhlükəsizliyiniz bizim təhlükəsizliyimizdir”.
O qeyd edib ki, 2023-cü ildə Ukraynaya hərbi yardım bu il verilən yardımın məbləğinə uyğun olacaq və ya ondan artıq olacaq.
Qeyd edək ki, hazırda Britaniya Ukraynaya ikinci ən böyük hərbi donordur, 2022-ci ildə 2,3 milyard funt sterlinq məbləğində yardım göstərməyi öhdəsinə götürüb.