Ukrayna qüvvələri Donbasda Liman şəhəri yaxınlığında mövqelərini möhkəmləndirir və yeni yaşayış məntəqələrini azad edərək şəhərə yaxınlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) cəbhədəki vəziyyətlə bağlı yeni hesabatında deyilir.
Analitiklərin fikrincə, Liman bölgəsində şiddətli döyüşlər davam edir və Ukrayna hərbçiləri cəbhədən gələn xəbərlərə əsasən, orada fəaliyyət göstərən rus qrupunun son təchizat xətlərini kəsib əməliyyat mühasirəsinə almağa yaxındırlar.
ISW ekspertləri Ukrayna mənbələrinə istinadən yazır ki, sentyabrın 26 və 27-də Ukrayna Silahlı Qüvvələri Limanın şimal-qərbində və şimalında bir neçə kəndi nəzarətə götürüb.
Bundan əlavə, Ukrayna artilleriyası Svatovo, Makivka və Terni vasitəsilə şəhərdəki rus qoşunlarının son təchizat marşrutunu atəşə nəzarət altında saxlayır. Artıq Limanın cənub-şərqindəki Torskoye və Yampol şəhərlərində Ukrayna kəşfiyyat və təxribat qrupları görünüb.
Baxmut bölgəsindəki (Rusiya qoşunlarının aktiv hücum hərəkətləri etdiyi yeganə Ukrayna şəhəri) vəziyyətə gəlincə, ISW xülasəsində deyilir ki, sentyabrın 27-də bu hücumlar uğursuzluqla başa çatıb.