3 Oktyabr 2022 20:39
1 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Yunanıstan arasında Egey dənizindəki mübahisə hər keçən gün fərqli ölçü qazanmağa davam edir. Yunanıstanın ABŞ silahlarını qeyri-hərbi statuslu adalara yığması və yunan rəsmiləri tərəfindən danışılmağa başlayan və Türkiyə üçün müharibə səbəbi kimi qəbul edilən 12 mil iddiası gərginliyi daha da artırır.

Teleqraf.com xəbər verir ki, Türkiyə Hərbi Dəniz Donanmasının təqaüddə olan kontr-admiralı Cihat Yaycı məsələ ilə əlaqədar parlamentə (TBMM) təcili çağırış edib.

Türkiyənin “alov halqası”nın içinə çəkdiklərini iddia edən admiralın sözlərinə görə, gərginlik hər keçən gün daha da qızışır:

“Yunanıstan ərazi sularını artırmazdan əvvəl parlament təcili olaraq çağırılmalıdır. Açıq deyirəm: bütün vətənpərvər partiyalar öz qərarlarının arxasında olduğunu göstərməli və qərarı təkrarlamalıdırlar. Bu isə o demək olmalıdır ki, Yunanıstanın öz ərazi sularını 6 mildən bir qarış irəli çəksə, bu, müharibəyə səbəb olacaq. Çünki bu, Türkiyə ərazisinə hücumdur. Bu, Mavi Vətənin 13 faizinin itirilməsi anlamına gələcək. Bunu qəbul etmək mümkün deyil. Tarixdə heç kim bunun hesabını verə bilməz. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasının da iclası çağırılmalıdır.

BMT-nin 51-ci maddəsinin əksinə olaraq, müqavilələri pozub qeyri-hərbi statuslu adaları silahlandırmaq Türkiyə üçün birbaşa təhdiddir. Çünki bu müqavilələr üzrə bu adalara qeyri-hərbi statusun verilməsi Birinci Dünya Müharibəsindən sonra Anadolunun işğal təhlükəsi altında qalmaması üçündür. İtalyanlar və yunanlar həmişə adaları işğal etməyə cəhd göstəriblər, buna görə də adalar qeyri-hərbi statusa malikdir”.

Yaycı vurğulayıb ki, Türkiyə BMT-nin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna malikdir: “Beynəlxalq hüquqda özünümüdafiə iki şəkildə müəyyən edilir.

Birincisi, “dar çərçivədə qanuni müdafiə”nin artıq köhnəldiyi deyilir.

İkincisi, “geniş çərçivədə müdafiə” hüququdur. Bu o deməkdir ki, sizə qarşı təhdid və hücum varsa, tədbir görməsəniz, çox gec olacaq. Hətta buna “profilaktik özünümüdafiə” də deyirlər. Həmçinin “profilaktik zərbə” də var. ABŞ İraqı belə vurmuşdu.

Türkiyə özünümüdafiənin ən azı önləyici hissəsindən geniş mənada istifadə etməli və bundan istifadə haqqının olduğunu dünyaya bəyan etməlidir.

Eyni cavabı verməyə bilərsiniz. Amma adaları qeyri-hərbi statusa qaytarmaq üçün oradakı silahları vura bilərsiniz. Mən olsaydım, prezidentimizin dediyi kimi, suverenliyi Yunanıstana verilməyən adalara bir gecə qəfil gedərdim. Bundan sonra deyərdim ki, gəlin məsələni diplomatiya və qanunla həll edək. Gəlin bu adaların kimə aid olması haqda danışaq. Lozannaya görə materikdəki əsas torpaqlar mənə qalıb, amma sən gəlib üzərinə çökmüsən. Bu qeyri-hərbi statuslu adaların müqaviləyə uyğunlaşdırılmasını istəyirəm.

Türkiyə ayıq olmalı və dərhal lazım olan etməlidir. Düşünürəm ki, TBMM tezliklə toplanmalı və bu məsələ ilə bağlı qərar qəbul etməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər