İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlarda saxlanılan və “yüngül cinayət”də əli olduğu üzə çıxan 400 nəfərin sərbəst buraxıldığı bildirilib.
Teleqraf.com-un məlumatına görə, “Evin” və “Tehran Büyük” həbsxanalarını ziyarət edən Tehranın baş prokuroru Əli Salehi bildirib ki, ifadələrini nəzərə alaraq saxlanılanların cinayət dərəcəsini müəyyən etmək üçün işlərə başlanılıb.
Salihi saxlanılan nümayişçilərin müəyyən kriteriyalara görə qiymətləndirildiyini və daha aşağı səviyyədə cinayətlərdə iştirak edənlərin azadlığa buraxılması üçün hazırlıqların görüldüyünü vurğulayıb.
Saxlanılanlara etdikləri ilə bağlı xəbərdarlıq edildiyini deyən Baş prokuror bu gün səhər saatlarında 400 nəfərin işlərinin araşdırılması nəticəsində sərbəst buraxıldığını açıqlayıb:
"Bu şəxslərdən öhdəlik götürülüb və eyni davranışı təkrarlamamaq şərti ilə sərbəst buraxılıblar. İctimai əmlaka ziyan vurmaq, cəmiyyətdə xaos yaratmaq, milli təhlükəsizliyi pozmaq və əcnəbilərlə daxili gərginliyi artırmaq məqsədilə əlaqə qurmaq kimi daha ağır cinayətlərdə iştirak edənlər tam qətiyyətlə mühakimə olunacaqlar".
Digər tərəfdən İranın İnsan Haqları üzrə baş katibi Kazım Qəribabadi dünən gecəyə qədər Tehranda saxlanılan 620-dən çox adamın sərbəst buraxıldığını açıqlayıb.
Qeyd edək ki, sentyabrın 13-də Tehranda əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da vəfat etməsi ölkədə hiddətə səbəb olub. Sentyabrın 17-də Əmininin doğulduğu Sakkızda dəfnindən sonra başlayan nümayişlər ölkənin bir çox şəhərlərinə yayılıb.