"İndi Rusiya faktiki olaraq NATO bloku ilə vuruşur".
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.
“Bu gün Rusiya Ukrayna xalqını neonasizmdən azad etməklə təkcə millətçi birləşmələrə və Ukrayna Silahlı Qüvvələrinə qarşı mübarizə aparmır. Faktiki olaraq NATO bloku bizə qarşı mübarizə aparır, onun üzvləri Kiyev rejimini ağır silahlar, döyüş sursatları, kəşfiyyat məlumatları ilə təmin edir, hərbi mütəxəssislər üçün təlimlər keçirir”, - Patruşev bildirib.
Onun sözlərinə görə, NATO üzvləri hərbi əməliyyatların planlaşdırılmasında, kütləvi qırğın silahlarından istifadə etməklə şantajda iştirak edirlər: “Və bunlar boş sözlər deyil. ABŞ və onun müttəfiqləri uzun müddətdir ki, bütün dünyada, o cümlədən Rusiya sərhədləri yaxınlığında yerləşdirilən laboratoriyalarda bioloji silah yaratmaq planlarını həyata keçirirlər. Laboratoriyaların bir hissəsi, artıq bildiyimiz kimi, Ukraynada yerləşirdi və xüsusilə təhlükəli patogenlərin yaradılması üçün istifadə olunurdu”.
“Bu səbəbdən də Ukraynanın denazifikasiyası, demilitarizasiyası vəzifələrinin həlli azad edilmiş ərazilərdə xalqımızın təhlükəsizliyinə təhdidlərin neytrallaşdırılması, habelə Rusiya Federasiyasının suverenliyi və ərazi bütövlüyünün qorunması üçün zəruri şərtdir” - Təhlükəsizlik Şurasının katibi vurğulayıb.