"Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibədə ordunun uğursuzluğuna görə müdafiə naziri Sergey Şoyqunu məsuliyyətə cəlb etməyi planlaşdırır".
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
ISW hesab edir ki, Çeçenistan başçısı Ramzan Kadırova general-polkovnik rütbəsi verilməsinin bir sıra səbəbləri ola bilər. Məsələn, Kadırovun ona sədaqətini qorumaq və rus ordusunun Ukraynadakı uğursuzluğunun məsuliyyətini Şoyqunun daşıdığını ona göstərmək üçün.
“Kadırovun yeni rütbəsi Putinin təhlükəsizlik qüvvələri daxilindəki radikal və səs-küylü çağırışlarını onun vasitəsilə sakitləşdirməyə hazır olduğuna işarə ola bilər”, - məlumatda bildirilir.
İnstitutun analitikləri deyirlər ki, Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Kreml tənqid atəşi altında qalıb, Putin də bu durumda Müdafiə Nazirliyini “günah keçisi” kimi önə çıxarmağa çalışır.
Bundan başqa, bu yaxınlarda Rusiya Dövlət Dumasının müdafiə komitəsinin rəhbəri, istefada olan general-polkovnik Andrey Kartapolov Müdafiə Nazirliyini tənqid edib. Onun sözlərinə görə, bütün ruslar Rusiya Müdafiə Nazirliyinin yalan danışdığını bilirlər, ona görə də yalan danışmaqdan əl çəkməlidir.
ISW vurğulayır ki, Putin Rusiya ordusunun uğursuzluğuna görə onu ittiham etməyə davam etmək üçün Şoyqunu postundan azad etməyə tələsməyəcək. Əvəzində Kreml sahibi Kadırov və “Vaqner”in rəhbəri Yevgeni Priqojin kimi şəxslərdən dəstək almağa çalışacaq.