Ankara-Afina xəttində gərginliyin davam etdiyi fonda ABŞ-ın “Corc Bush” adlı təyyarədaşıyan gəmisi Krit adasına yaxınlaşıb.
Teleqraf.com xəbər verir ki, gəmi adanın Suda körfəzindəki Amerika hərbi dəniz bazasının K-14 limanına istiqamətlənib.
Adriatik dənizində İspaniya ilə birgə hərbi təlimlər keçirən “Corc Buş” ekipaj üzvləri istirahət vermək üçün oktyabrın 10-dək Kritdə qalacaq.
Hələlik rəsmi açıqlama verilməsə də, Yunan mediası Amerika təyyarədaşıyan gəmisindəki F-18 döyüş təyyarələrinin Yunanıstan F-16 döyüş təyyarələri ilə birgə təlim uçuşları həyata keçirəcəyini iddia edib.
Yunan mediası Türkiyə-Yunanıstan münasibətlərinin gərgin olduğu bir vaxtda təyyarədaşıyan gəminin Kritə gəlməsinin “simvolik məna” daşıdığını bəyan edib.
Qeyd edək ki, “Corc Buş” ABŞ-ın Sudadakı hərbi dəniz bazasına sonuncu dəfə 2017-ci ildə gəlib. Dünyanın ən böyük təyyarədaşıyan gəmilərindən biri, “Nimitz” sinifli “Corc Buş” gəmisi 2009-cu ildə donanmaya qoşulub. Təxminən 6,5 milyard dollara başa gələn gəminin uzunluğu 330 metr, eni isə 77 metrdir.
Gəmi 85 döyüş təyyarəsi, həmçinin 6 min nəfərlik ekipaj daşıya bilir.