“JP Morgan”ın baş icraçı direktoru Ceymi Daymon ABŞ və qlobal iqtisadiyyatın gələn ilin ortalarına qədər tənəzzül prosesinə girəcəyini iddia edir.
Teleqraf.com xəbər verir ki, şirkət rəhbərinin fikrincə, sürətlə artan faiz dərəcələri və inflyasiya, Rusiya-Ukrayna müharibəsi, ABŞ-ın Maliyyə Sisteminin (FED) pul siyasətinin naməlum qalan potensialı resessiya göstəriciləridir.
Bu qarşılıqlı təsirlərin nəticəsində ABŞ və dünya iqtisadiyyatı üçün tənəzzül yarana biləcəyini qeyd edən Daymon Avropanın artıq tənəzzül içində olduğunu, Amerikanın da 6-9 ay sonra bu prosesə girəcəyini söyləyib.
Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva və Dünya Bankının prezidenti David Malpass keçirdikləri görüşdə qlobal iqtisadiyyatla bağlı müzakirə aparıb. Georgiyeva yüksək faiz dərəcələrinin artıma mənfi təsir göstərməyə başladığını bildirib.
BVF dünya iqtisadiyyatının təxminən üçdə birinin bu il və gələn il ardıcıl olaraq ən azı iki rüb geriləyəcəyini və 2026-cı ilə qədər istehsal itkisinin 4 trilyon dollara çatacağını gözləyir.
BVF rəhbəri tənəzzül riskinə baxmayaraq, ciddi addımların atılması lazım olduğunu deyib.
Georgiyeva hesab edir ki, birgə hərəkət etsək, 2023-cü ildə qarşılaşacağımız çətinliklərin qarşısını ala bilərik.
Malpass da gələn il qlobal geriləmənin real təhlükə olduğunu, dolların möhkəmlənməsinin inkişaf etməkdə olan ölkələrin valyutalarının dəyər itirməsinə gətirib çıxardığını və bu ölkələrdə borclanmanın çox yüksək səviyyələrə çatdığını vurğulayıb.