14 Oktyabr 2022 13:39
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İllərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertləri təhlildə Çinin ictimai-siyasi həyatında baş verən son gəlişmələrə diqqət çəkirlər:

“Bazar günü Çin Kommunist Partiyasının Pekində qurultayı keçiriləcək. Qurultaya hazırlaşan partiyanın sədri və ölkənin lideri Si Cinpinin Çinin gələcək inkişafı ilə bağlı məqaləsi yayımlanıb. Cinpinin fikrincə, ölkəsi dünya liderləri sırasında yerini möhkəmlətməlidir. Çin lideri SSRİ-nin acı taleyini yaşamamaq üçün məqaləsində partiya yoldaşlarına strateji səhvlər buraxmamağı tövsiyə edib.

Görəsən, Cinpin “strateji səhv” dedikdə nəyi nəzərdə tutub? SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov hakimiyyətə gəldiyi 1985-ci ildə islahatlara başladı. Ancaq uzun illər qapalı ölkənin və qapalı rejimin başlatdığı islahatlar imperiyanın dağılmasını sürətləndirdi. Qorbaçovun hakimiyyətə gəlişinin altıncı ilində SSRİ dağıldı. Ona görə də Si Cinpin “strateji səhv” dedikdə, SSRİ-dəki islahatları nəzərdə tutur. Yəni kommunist lider hesab edir ki, Çin siyasi islahatlara başlasa, fikir müxtəlifliyinə şərait yaratsa, ölkənin SSRİ kimi dağılması labüd olacaq.

Cinpinin məntiqinə görə, Kommunist Partiyası ölkəni doğru istiqamətdə inkişaf etdirir və nəyisə dəyişməyə ehtiyac yoxdur. Siyasi sistem olduğu kimi qalmalıdır.

Cinpin məqaləsində ABŞ-la qarşıdurmadan, Tayvan böhranından da söz açıb. Çin lideri ölkəsinin xarici və təhlükəsizlik siyasətində prinsipal mövqeyindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Bu o deməkdir ki, Pekin Tayvana nəzarət siyasətindən imtina etməyəcək və ABŞ-la gərginlik davam edəcək”.

Mərkəzin ekspertləri bildirirlər ki, Si Cinpin Kommunist Partiyasının 16 oktyabr qurultayında üçüncü dəfə partiyanın sədri seçilmək istəyir:

“Onun yazdığı məqalə bu məqsədə xidmət edir. Ancaq bu gedişat partiya sıralarında heç də hamının ürəyincə deyil. Çünki bir qrup kommunist hesab edir ki, Cinpin 1980-ci illərdən qoyulan ənənəni pozur. Bu ənənəyə görə, bir şəxs partiyada iki dəfədən çox sədr seçilməməlidir.

Bundan başqa, illərdir artım göstərən Çin iqtisadiyyatında ciddi problemlər müşahidə edilir. Dünya Bankının hesabatına görə, Çin iqtisadiyyatı bu il cəmi 2.8 faiz artım göstərə bilər. Halbuki Çin hakimiyyəti 5.5 faizlik artıma çatacaqlarına ümid edirdi. Bir qrup kommunist iqtisadiyyatdakı geriliməni Cinpinin yanlış idarəetməsi ilə əsaslandırır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər