23 Oktyabr 2022 14:43
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dominikanda tətil proqramını qısaldaraq Böyük Britaniyaya qayıdan sabiq baş nazir Boris Conson artıq paytaxt Londondadır.

Teleqraf.com xəbər verir ki, “SkyNews” Britaniya hökumətinin keçmiş başçısının artıq seçki kampaniyasına başladığını bildirib.

Consonun hakimiyyəti dönəmində daxili işlər naziri olmuş Priti Patel sosial şəbəkədəki paylaşımı ilə onun namizədliyini dəstəklədiyini açıqlayıb. Ötən gün müdafiə naziri Ben Uolles də Consonun namizədliyini dəstəklədiyini bildirib.

Baş nazir Liz Trassın istefa qərarından sonra Boris Consonun geri qayıtması hakim Mühafizəkarlar Partiyasını iki yerə bölüb. Bəzi partiya tərəfdarları Consonun namizədliyini dəstəkləsə də, bəziləri onun yenidən baş nazir olmasının narahatlığa səbəb olacağını deyirlər.

Keçmiş maliyyə naziri Rişi Sunak və Consonun komandasında istefa dalğasını başladan ölkənin ilk qadın müdafiə naziri Penni Mordaunt adı namizədlikdə hallanan digər simalar kimi önə çıxırlar. Namizəd olmaq üçün 357 parlament üzvündən 100-nün dəstəyini qazanacağı bildirilən Rişi Sunakın Consonla birlikdə favorit namizəd olduğu deyilir.

Namizədlər sabah saat 14:00-dək öz namizədliklərini Seçki Komissiyasına təqdim etməlidirlər. 100 parlament üzvünün səsi ilə 2 namizəd qeydə alınacağı təqdirdə həmin gün saat 15:30-da Mühafizəkarlar Partiyasından olan deputatlar arasında səsvermə keçiriləcək və nəticələr saat 18:00-da açıqlanacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər