Rusiyanın İrkutsk şəhərində Su-30 qırıcı təyyarəsi 2 mərtəbəli yaşayış evinin üzərinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü özünün "Telegram" kanalında İrkutsk vilayətinin qubernatoru İqor Kobzev yazıb.
"İlkin məlumatlara görə, İrkutskda "Su" kateqoriyalı təyyarə ikimərtəbəli evin üzərinə düşüb. Hadisə yerinə gedirəm", - deyə qubernator bildirib.
Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, təyyarənin binanın üzərinə düşməsi nəticəsində yanğın başlayıb.
"Sınaq uçuşu zamanı Su-30 təyyarəsi qəzaya uğrayıb. Təyyarə şəhərdə, fərdi yaşayış evləri sektorunda qəzaya uğrayıb", - deyə Rusiya FHN-dən bildirilib.
Məlumata görə, təyyarənin 2 mərtəbəli yaşayış evinin üzərinə düşməsi nəticəsində 2 nəfər ölüb: "İki pilot həlak olub, əhali arasında itki yoxdur. Yanğın lokallaşdırılıb".