“Red Bull“ enerji içkisi brendinin yaradıcısı, avstriyalı milyarder Ditrix Mateşits vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü "Formula 1"in saytında məlumat yerləşdirilib. İdman, media, daşınmaz əmlak və qastronomiya sahələrində şirkətlərə sahib olan iş adamı 78 yaşında dünyasını dəyişib.
1944-cü ildə Avstriyanın Ştiriya əyalətində doğulan D. Mateşits müxtəlif müəssisələrdə çalışıb. Ötən əsrin 80-ci illərində Asiyaya xidməti səfərləri zamanı Tailandda enerji içkisi reseptləri ilə tanış olub. Bu sahədə böyük potensial görən iş adamı Avropada “Krating Daeng” (tərcüməsi: qırmızı öküz) adlı enerji içkisinin lisenziyasını alaraq, 1987-ci ildə Avstriyada “Red Bull” adı altında istehsal etməyə başlayıb. Eyni zamanda, idman, media və qastronomiya sektoruna sərmayələr yatıran D. Mateşits məqsədyönlü marketinq və reinvestisiya sayəsində “Red Bull” enerji içkisini dünya markasına çevirə bilib.
“Forbes“ nəşrinin 2022-ci il reytinqində D. Mateşits 27,4 milyard ABŞ dolları sərvətlə dünya üzrə 51-ci yerdə qərarlaşıb. Avstriyanın ən zəngin insanı olan D. Mateşitsin ölümündən sonra şirkətlərdəki payına oğlu Mark Mateşitsin rəhbərlik edəcəyi gözlənilir.