Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak oktyabrın 25-də vəzifəsinin icrasına başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, o, oktyabrın 25-də Londonda Bukinqem sarayında Kral III Çarlzla görüşüb. Ənənəyə əsasən, monarx görüşdə Baş nazirə hökuməti qurmağı tapşırıb.
Qeyd edək ki, Kral III Çarlz Rişi Sunakla görüşdən əvvəl keçmiş Baş nazir Liz Trassın istefasını qəbul edib. Liz Trass sentyabrın 6-dan oktyabrın 20-dək hökumətə başçılıq edib.
42 yaşlı Rişi Sunak son 7 həftədə Böyük Britaniyanın 3-cü Baş naziridir. O, krallıqda hökumətə başçılıq edən ilk asiyalıdır.
R.Sunak oktyabrın 24-də Mühafizəkarlar Partiyasının sədri, eyni zamanda hökumətin başçısı seçilib. O, ölkənin ciddi iqtisadi problemlərlə qarşılaşdığına dair xəbərdarlıq edib və vicdanla çalışacağına da boyun olub. Leyboristlər, Şotlandiya Milli, Liberal Demokrak və Yaşıllar partiyalarının çağırışlarına baxmayaraq, növbədənkənar parlament seçkilərinin keçiriləcəyini istisna edib.
Xatırladaq ki, növbəti parlament seçkiləri 2024-cü ildə keçiriləcək.
Mütəxəssislərin fikrincə, yeni Baş nazirin qarşısında Britaniyanın son 40 ildə üzləşdiyi ən yüksək inflyasiyaya qarşı mübarizə aparmaq və Mühafizəkarlar Partiyası daxilində birliyə nail olmaq kimi mühüm vəzifələr durur.