Türkiyə-İsrail münasibətlərində uzun illər davam edən normallaşma addımlarından sonra Ankaraya gələn İsrail müdafiə naziri Benni Qantz danışıqlar aparır.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri Hulusi Akarla görüşən Qantz Ankaradakı proqramına Anıtkabir ziyarəti (Mustafa Kamal Atatürkün məzarı) ilə başlayıb.
Qantzın Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.
İsrail Müdafiə Nazirliyindən görüşlə bağlı verilən açıqlamada tam diplomatik münasibətlərə qayıdan Türkiyə ilə İsrail arasında 10 ildən artıq müddətdə ilk dəfə müdafiə nazirlərinin görüşünün reallaşacağı bildirilib.
Nazir Akar da ötən günlərdə Qantzla görüşəcəyini deyib: “Bu, illər sonra ilk səfər olacaq. Bunun nə gətirəcəyini görəcəyik”.
Benni Qantz səfərlə bağlı tvitində qeyd edib:
“Türkiyə Cümhuriyyətinə mühüm səfərə yola düşürəm, orada həmkarım Hulusi Akarla görüşəcəm. Yaxın Şərq və Şərqi Aralıq dənizi regionlarında təhlükəsizliyin, sabitliyin və sülhün təşviq edilməsi yolları ilə bağlı səmərəli müzakirələri səbirsizliklə gözləyirəm”.
İsrail Prezidenti İshaq Hersoq martın 9-da Türkiyəyə səfəri zamanı həmkarı Ərdoğanla görüşüb.
Avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri yenidən maksimum səviyyəyə çatdırmaq və qarşılıqlı səfir təyin etmək qərarına gəliblər. Qərardan sonra İrit Lillian İsrailin Ankaradakı səfiri, Şakir Özkan Torunlar isə Türkiyənin İsraildəki səfiri təyin edilib.