25 Noyabr 2022 09:41
2 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının İrəvanda keçirilən toplantısında nəyi razılaşdırıblar, nəyi razılaşdıra bilməyiblər, özləri bilər. Bunun bizim üçün elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ odur ki, heç nə olmadı. KTMT-nin iclasından əvvəl biz deyirdik ki, heç nə olmayacaq. Bunu deyərkən onu nəzərdə tuturdum ki, Rusiya Prezidenti Vladimir Putinin İrəvana səfərindən Ermənistan heç nə qazanmayacaq. Belə də oldu. Buna qədər Nikol Paşinyan KTMT-dən ən azı siyasi dəstək almaq üçün yaxasını cırırdı. Amma belə bir dəstək ala bilmədi. Odur ki, Paşinyan küsərək siyasi bəyannaməyə imza atmaqdan imtina etməli oldu”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

Deputat qeyd edib ki, KTMT-nin İrəvanda keçirilən toplantısında müzakirələrin Ermənistanın maraqlarına uyğun formada getməməsi və Paşinyanın bəyannaməyə imza atmaması, erməni baş nazirinə imkan verəcək ki, KTMT-yə münasibətdə özünü narazı, lazım gələrsə küsülü aparsın.

Onun sözlərinə görə, Paşinyan bir növ KTMT ilə küsülü kimi davranacaq: “Düşünmürəm ki, Paşinyanın formal olaraq KTMT-ni tərk etməyə cürəti çatsın. Ancaq soyuq münasibət, tədbirlərdən boyun qaçırmaq, lap iclaslara qatılmaqdan imtina etmək kimi davranışlar sərgiləyə bilər”.

Rasim Musabəyov KTMT-yə sədrliyin Belarusa keçdiyini nəzərə almağı vacib sayır: "

"Hansı ki Belarus Prezidenti Lukaşenko Paşinyanı kifayət qədər tənqid etdi. Üstəlik KTMT-nin yeni baş katibi kimi Azərbaycana dost olan qardaş Qazaxıstan nümayəndəsi təyin edilib. Paşinyan özü KTMT-yə sədrlik edəndə bu qurumda Azərbaycana qarşı bir şey edə bilməyibsə, bundan sonra nə edə bilər? Düşünürəm ki, Paşinyan vəziyyətdən istifadə edərək KTMT-dən məsafə saxlamağa üstünlük verəcək. Hər halda Ermənistan hökumətinin bu istiqamətdə atacağı addımları biz zamanla müşahidə edə biləcəyik.

Əsas odur ki, Azərbaycan nümayiş etdirdi ki, Ermənistan KTMT-də özü üçün heç nə qazanmaq iqtidarında deyil".


Müəllif: Nemət

Oxşar xəbərlər