26 Noyabr 2022 13:28
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrikanın keçmiş fransız müstəmləkəsi olan ölkələri Niger, Burkina Faso və Malidə anti-Fransa müxalifəti güclənərkən, küçə nümayişləri artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin qitədə korlanmış imicinə görə Rusiya, Çin və Türkiyəni ittiham etsə də, Afrikadakı anti-fransız əhval-ruhiyyəsinin tarixi 1980-ci illərə gedib çıxır.

Qərbi Afrikada Anti-Fransa ideyasının konkret əsasları 1980-ci illərdə Burkina Fasonun əfsanəvi lideri Tomas Sankara tərəfindən qoyulub.

Antiimperialist çıxışları ilə tanınan Sankaranın 1986-cı ildə paytaxt Vaqaduquya səfər edən Fransanın o vaxtkı prezidenti Fransua Mitteranı müstəmləkə dövrü ilə bağlı tənqidləri və Mitteranın Sankaraya cavabı Afrika ilə Fransa arasında ilk ciddi soyuqluq kimi tarixə yazılıb.

Sankara və Mitteran arasındakı söz duelindən təxminən 20 il sonra qitədə, bu dəfə Fransanın Afrikadakı “ən yaxşı dost”u Fil Dişi Sahilində anti-Fransa müxalifəti meydana çıxdı. Fransanın Afrika siyasətini müəyyən edən “Françafrique”, yaxud “Fransız Afrikası” termininin doğulduğu Fil Dişi Sahilində 2000-ci illərdə Fransaya qarşı küçə etirazları bir tələbə qrupu tərəfindən alovlandırılmışdı. Etirazlar o dövrün mühüm siyasi simalarından olan Şarl Ble Qudanın “Hər Fil Dişi Sahili vətəndaşı üçün bir fransız” şüarı ilə yüksəlmişdi. 2003-cü ildə Fransa şirkətləri və qurumlarınna basqın edildiyi bu dövrdə fransız jurnalist Jan Helenin öldürülməsi gərginliyi daha da artırmışdı.

Anti-Fransa əhval-ruhiyyəsi 2021-ci ildə bölgənin ən sabit ölkəsində gözlənilmədən küçələrdə də görünməyə başladı. Həmin ilin martında Seneqalda müxalifət lideri Usman Sonkonun saxlanması ilə başlayan küçə olaylarında qəzəb partlayışı birdən-birə Fransanın bu ölkədəki qurumlarına yönəldi. Sonko zorlama ittihamı ilə saxlanılsa da, tərəfdarları onun “anti-fransız” fikirlərinə görə fransız bazarlarını taladılar, yanacaqdoldurma məntəqələrini yandırdılar.

Fransız ordusunun Saheldəki uğursuz hərbi əməliyyatları və 2020-ci ildə Mali və Burkina Fasoda ardıcıl çevrilişlər etməsi bu ölkələrdə də Fransaya nifrəti artırdı.

2021-ci ildə Malidə çevrilişlə hakimiyyətə gələn Assimi Qoyta Fransa hərbçilərinin ölkədəki varlığına etiraz etməsi Parisi çətin duruma saldı. Mali Rusiyaya yaxınlaşdıqca, xalq Fransanın ölkədən çıxması üçün aksiyalar təşkil etməyə başladı. Bu gəlişmə təkcə Maliyə deyil, Fransanın hərbi bazalarının olduğu Niger və Burkina Fasoya da sirayət etdi.

Saheldə vaxtaşırı Fransa əleyhinə keçirilən aksiyalar Malidəki çevrilişdən sonra daha geniş kütlələrə çatdı. Maraqlıdır ki, bu gün də hər üç ölkədə keçirilən etiraz aksiyalarında oxşar pankart və şüarlardan istifadə olunur. Fəallar öz ölkələri ilə yanaşı, Rusiya bayraqları da qaldırırlar və “France degage” (“Fransa çıxsın”) şüarı səsləndirirlər. Aksiyalarda tez-tez təkrarlanan hal isə Fransa bayraqlarının yandırılmasıdır.

Paytaxtlarda qeyri-hökumət təşkilatlarının çağırışı ilə keçirilən nümayişlər insidentsiz başa çatsa da, Burkina Fasodakı son hərbi çevriliş etiraz aksiyalarının formasını da dəyişib. Sentyabrın 30-da baş verən son hərbi çevrilişdə devrilmiş lider Pol-Henri Damibanın Fransa səfirliyinə sığındığı iddiası paytaxt Vaqaduqu və ölkənin ikinci böyük şəhəri Bobo-Dulasoda küçələri qarışdırıb. Fransanın Vaqaduqudakı səfirliyinə girməyə çalışan qəzəbli kütlə səfirliyin divarlarını oda verib və Bobo-Dulasodakı Fransız İnstitutuna hücum edib.

Damibanın Toqoya qaçdığı təsdiqlənsə də, oktyabrın ilk həftələrində ölkədə Fransa əleyhinə nümayişlər davam edib. Noyabrın 18-də paytaxtda keçirilən aksiyada fəallar Fransa səfirliyini daşa tutub. Bundan sonra təhlükəsizlik qüvvələri prosesə müdaxilə edib.

Dünən Vaqaduquda keçirilən aksiyadan əvvəl Fransa səfirliyi əməkdaşları və fransız vətəndaşlara evdən çölə çıxmamaq çağırışı edilib. Fransız məktəbləri və Fransız İnstitutu da mümkün hücuma qarşı qapılarını bağlayıb.

Fransa səfirliyi Burkina Faso təhlükəsizlik qüvvələrini baş verənlərə seyirçi qalmaqda və müdaxilə etməməkdə ittiham etsə də, hökumət ölkədəki xarici diplomatların toxunulmazlığı ilə bağlı qayda və prinsiplərdən “vaz keçməyəcəyini” vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu